Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əbülfəz Elçibəyin sabiq müavini Zəlimxan Məmmədli keçmiş Səhiyyə naziri Əli İnsanovun yaratdığı Haqq-Ədalət Partiyasının Ali Məclisinin sədri seçilib.
Gundemxeber.Az bildirir ki, bu haqda Əli İnsanov özünün "Facebook" səhifəsində məlumat yayıb.
Haqq-Ədalət Partiyasının İdarə Heyətinin bugünkü iclasında Z. Məmmədlinin sözügedən partiyanın üzvlüyünə namizədliyi məsələsinə baxılıb.
İdarə Heyətinin üzvləri Zəlimxan Adil oğlu Məmmədlinin partiyanın üzvü olmaq istəyi ilə bağlı HƏP sədrinə ünvanladığı ərizə ilə tanış olub və o, səs çoxluğu ilə partiyanın üzvü seçilib.
Daha sonra Zəlimxan Məmmədlinin Haqq-Ədalət Partiyasının Ali Məclisinin sədrliyinə namizədliyi partiyanın yaxın zamanda keçiriləcək sessiyasında müzakirəyə çıxarılmaq üçün səsə qoyulub və təsdiqlənib.
O, həm də müvəqqəti olaraq HƏP-in Ali Məclisinin sədri vəzifəsini icra edəcək.
Qeyd edək ki, Zəlimxan Məmmədli Klassik Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sabiq sədridir. O, 1992-1993-cü illərdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı, 1992-2002-ci illərdə Azərbaycan Sambo Federasiyasının Prezidenti, 1998-2002-ci illərdə Avropa Sambo Federasiyasının vitse-prezidenti vəzifələrində çalışıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?