2019-2020-ci tədris ilinin bitirən şagirdlərimiz üçün hazırda bütün dünyanın ən aktual probleminə çevrilən “COVİD-19”- koronavirus pandemiyasının gətirdiyi reallıq səbəbindən fərqli bir məzun günü oldu. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin atdığı qətiyyətli addımlar, xalqımıza göstərdiyi diqqət və qayğı sayəsində ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində uğurlu nəticələr əldə edilir. Ölkə rəhbəri cənab İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın xalqın yanında olması, ölkə vətəndaşlarına çağırışlar etməsi bir daha onu sübut edir ki, Azərbaycanda vətəndaş amili, xüsusilə də onların sağlamlığı və təhlükəsizliyi hər zaman prioritet sahə olub və bundan sonra da olacaqdır. Koronovirusa (COVİD-19) qarşı aparılan tədbirlər çərçivəsində Daşkəsəndə 20 min nəfərdən çox sakin tibbi sorğudan keçirilmiş, 1000 nəfərə yaxın sakindən isə virusa görə yaxma götürülərək laboratoriyalara göndərilmişdir. Gündəlik olaraq əhalinin müayinələrdən və koronavirus testindən keçirilməsi həyata keçirilir. Prezident cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə Azərbaycanda sosial izolyasiya tədbirlərinin vaxtında görülməsi və Daşkəsən rayonunda da xüsusi karantin qaydalarının tələblərinə ciddi şəkildə əməl olunması üçün dövlətin atdığı addımlar xalqımızı daha ayıq-sayıq olmağa sövq edir. Bu tədbirlərin nəticəsidir ki, infeksiyanın yayılmasına rəvac verən bütün amillər ölkəmizdə, o cümlədən Daşkəsəndə aradan qaldırılır, profilaktik və maarifləndirmə işləri fasiləsiz davam etdirilir.
Əziz məzunlar və hörmətli müəllimlər!
Hamıza məlum olduğu kimi 2020-ci ilin mart ayından Nazirlər Kabinetinin Azərbaycanda COVID-19 infeksiyasına yoluxma hallarının qarşısının alınması barədə qərarlarına əsasən şagirdlərimiz doğma məktəblərindən, ayrı düşdülər. Karantin dövründə müəllimlərimiz öz evlərindən onlayn dərslər keçməklə şagirdlərinin yanında oldular, onların təhsildən uzaqlaşmamaları üçün fədakarlıq göstərdilər. Buna görə virtual tədris prosesində əməyi olan bütün müəllimlərə öz təşəkkürümü bildirirəm. Eyni zamanda, Təhsil Nazirliyi tərəfindən orta məktəblər üçün teledərslər də təşkil olunub. Həmin teledərslər televiziya kanalları ilə canlı yayımlanıb. Daşkəsən rayonunun Çovdar və Quşçu kəndlərində yaşayan 100-dən çox uşağa “Azergold” QSC və Heydər Əliyev Fondunun dəstəyi ilə “Kitab sovqatı” aksiyası çərçivəsində kitab və şirniyyatlardan ibarət hədiyyə bağlamaları təqdim edilib. Cari tədris ilində rayonumuzun ümumtəhsil məktəblərinin IX siniflərini 275, XI siniflərini isə 203 şagird bitirib. On birinci sinfi yeni başa vuran gənclərə müstəqil həyatda uğurlar arzulayıram, onlara cəmiyyətimizə layiqli vətəndaş kimi yetişməyi, elmli və bilikli olmağı, müəllimlərinin etimadını layiqincə doğrultmağı tövsiyə edirəm. Müstəqil Azərbaycanımızın gələcəyi siz gənclərdən asılıdır. Sizlərə hər zaman dövlətimizə və dövlətçiliyimizə sədaqətli olmağı, həyat yollarında inamla addımlamağı tövsiyə edirəm. İlbəil təhsil sahəsinə artan dövlət qayğısı, bu sahədə atılan yenilikçi addımlar, qabaqcıl dünya təcrübəsindən bəhrələnməklə çağdaş təlim metodlarının tətbiqinin bu gün təhsilimizin inkişafına əlverişli zəmin yaratmışdır. Millətin gələcəyi olan təhsilin tərəqqisinə möhtərəm Prezident cənab İlham Əliyev xüsusi diqqət və qayğı göstərir. 1979-cu ildən başlayaraq müxtəlif müəssisə və təşkilatlarda rəhbər vəzifələrdə işləmişəm. Məhz bilik və təhsilim bu vəzifələrdə mənə əlavə üstünlük yaradırdı. Mən üç çağırış Milli Məclisdəki deputat kimi fəaliyyətimdə iqtisadi biliklərimdən istifadə etməklə daha yaxşı nəticələr əldə etdiyimi düşünürəm. Hazırda Daşkəsən rayonunda İcra Hakimiyyətinin Başçısı vəzifəsində 10 ildir çalışıram. Məncə qazandığım nailiyyətlərin əsasında ən böyük pay öz təhsilim sayəsində əldə etdiklərimdir. Bu gün müəllimlərimin demək olar ki, mən də hamısını xatırlayıram, özü də xoş arzularla. Ölkəmizi, cəmiyyətimizi təqdirəlayiq inkişafa, uğurlu gələcəyə apara biləcək gənclərə tövsiyəm odur ki, oxuduqları dövrdə çalışıb daha çox bilik bazası qazansınlar və gələcək hədəflərini məktəbdə oxuduqları illərdən dəqiq müəyyənləşdirsinlər. Mütləq gec-tez bəhrəsini görəcəklər. Bəli, məktəb illəri səs-küylü Qoşqar çayıdır. Axıb gedən çaylar geri dönmədiyi kimi, məktəb günləri, ayları, illəri də geri dönmür. Qoy müəllimlərinizin idrakının günəş parıltısı sizlərin uğurlu həyat yoluna əbədi işiq saçsın. Tanrı özü belə xeyirxah müəllimlərimizi, vətənpərvər gənclərimizi qorusun.
Hörmətlə, Əhəd Abıyev, Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?