İyunun 16-da Ağdam Rayon Məhkəməsində hakim Mahir Niftəliyevin sədrliyi ilə Criminal.az saytının baş redaktoru Anar Məmmədovun barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb.
"Lombard N:1” müəssisəsinin sahibi Məlahət Qurbanova baş redaktor Anar Məmmədova qarşı Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırıb. Şikayət Criminal.az saytında dərc olunmuş“Keçmiş nazir "Lombard Məlahət"i məhkəməyə verdi” - "Torpaqlarımı boşalt...", "Lombard Məlahət"lə sabiq nazirin davası: "Rolls-Royce" mərkəzinin zirzəmisini bölə bilmirlər” başlıqlı məqalələr səbəb olub.
Anar Məmmədov Amerikanın Səsinə bildirib ki, hökmə əsasən o Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək qazancından 20 faiz məbləğdə dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Məhkəmə Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə ittiham üzrə cinayətin tərkibi olmadığına görə bəraət verib.
Anar Məmmədov məhkəmənin hökmünü tamamilə qanunsuz və əsassız adlandırıb.
“Konstutsiyanın 47 və 50-ci maddələri, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə ziddir. Hökm və qətnamədən apellyasiya şikayəti verəcəyik. Tələblərimiz nəzərə alınmasa Avropa Məhkəməsinə şikayət edəcəyik. Maraqlı məqam Məlahət Qurbanovanın Heydər Əliyev Fondunun adından məhkəmədə istifadə etməsidir. O iddia verib məhkəmədən tələb edirdi ki, şərəh və ləyaqətinin alçalmasına görə Anar Məmmədovdan 100 min manat tutulub Heydər Əliyev Fonduna köçürülsün. Belə çıxır ki, Qurbanova bu fondun adı ilə məhkəməyə təzyiq edir və ya fond üçün bu yolla pul toplayır,” jurnalist Amerikanın Səsinə bildirib.
Baş redaktor barəsində hazırda 5,5 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası da var. O, 2018-ci ilin iyul ayında Gəncədə baş verən hadisələrlə bağlı rəhbərlik etdiyi saytda dərc edilən yazılara görə məsuliyyətə cəlb edilib.//amerikaninsesi.org
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?