Kliniki Tibbi Mərkəz (“Semaşko”) xəstə qəbulunu dayandırır.
Bu barədə xəstəxanada çalışan tibb işçiləri məlumat veriblər.
Bildirilib ki, artıq onlara xəbərdarlıq olunub. Klinika koronavirusa yoluxan xəstələrin müalicəsi üçün ayrılıb.
“Xəstəxanada müalicə olunan xəstələrin arasında vəziyyəti yaxşı olanlar evə yazılacaq. Digərlərinin köçürülüb-köçürülməyəcəkləri hələlik bizə bəlli deyil. TƏBİB-in qərarını gözləyirik”,-həkimlərdən biri deyib.
O, əlavə edib ki, xəstələrə vəziyyətlə bağlı açıqlama veriləcək, lakin əvvəlcə TƏBİB-in qərarı olmalıdır: “Digər xstəxanalarda boş yer yoxdur, əhalidən tək xahişimiz tibbi maska və sosial məsafənin qorunmasıdır. Koronavirusa youxanların sayı artdıqca digər xəstəliklərdən əziyyət çəkənlərin tibbi xidmətə əlçatanlığı azalır”.
Mərkəzdən bildiriblər ki, bununla bağlı yalnız TƏBİB açıqlama verə bilər.
TƏBİB-in mətbuat katibi RəvanəƏliyeva xəbəri təsdiqləyib. Bildirib ki, Kliniki Tibbi Mərkəz koronaviruslu xəstələrin müalicəsi ilə bağlı fəaliyyətini davam etdirəcək. KTM pandemiya dövründə bu istiqamətdə fəaliyyət göstərib, hal-hazırda isə digər şöbələr də bu prosesə cəlb edilib. Xəstəxanada müalicə alan digər xəstələr aidiyyəti üzrə digər xəstəxanalara köçürüləcək. Yeni xəstələr isə Respublika Klinik Xəstəxanasına, 6 saylı Şəhər Xəstəxanasına, eyni zamanda Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət edə bilərlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?