Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 43-cü Polis Bölməsi (PB) əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin müxtəlif nöqtələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Binəqədi qəsəbəsi sakinləri - əvvəllər məhkum olunmuş Rövşən Əsədzadə və Kamil Quliyev saxlanılıb.
Onların üzərinə baxış zamanı ümumi çəkisi 274 qram narkotik vasitə olan heroin və psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, Rövşən Əsədzadə Abşeron RPİ tərəfindən Cinayət Məcəlləsinin 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldəetmə və ya saxlama, hazırlama, istehsaletmə, emaletmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə axtarışda olub.
Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Faktla bağlı 43-cü PB-də toplanan materiallar Binəqədi RPİ-nin İstintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Sorğu
Yeni dizaynımız necədir?