Ötən həftə 22 yaşlı xərçəng xəstəsi Təbəssüm Məmmədovanın Bakıda "Bona Dea Beynəlxalq Hospitalı"nda ağciyər çatışmazlığından vəfat etdiyi barədə məlumatlar yayılıb.
Sosial şəbəkələrdə videomüraciəti yayılan mərhumun anası Elnurə Məmmədova iddia edib ki, xəstəxana borc səbəbindən qızın meyitini ailəyə verməkdən imtina edib. Onun sözlərinə görə, yalnız müraciətdən sonra ailə gənc qızın meyitini xəstəxanadan götürə bilib. Amma 30 min manatı da ödəyib.
Teleqraf.com baş verənlərə aydınlıq gətirmək üçün "Bona Dea Beynəlxalq Hospitalı" ilə əlaqə saxlayıb.
Xəstəxananın əməkdaşı Samir Nağıyev açıqlamasında bildirib ki, Təbəssüm Məmmədovanın valideynlərinin danışdıqları əsassızdır və bunu sübutlarla da göstərə bilərlər: “Əslində ikinci video ilə əsl niyyətlərini biruzə verdilər. Burada məsələ övladlarının nəşi yox, pul davasıdır. Xəstə axşam rəhmətə gedib və növbəti gün bayrama təsadüf edib. Sənədləşmə işləri aparıldıqdan sonra səhər xəstənin nəşi ailəsinə təhvil verilib. Təhvil verildikdən müəyyən müddət sonra baxdıq ki, haqqımızda video hazırlayıblar. Biz debata açığıq, gəlib baxsınlar, araşdırsınlar.
Məktubda hər şey açıq formada göstərilir. Hər prosedurun öz qiyməti var və 30 min manat da müalicənin məbləğidir. Aidiyyəti orqanlara şikayət etsinlər, biz də lazimi şəkildə cavab verək. Hər xırda məqama qədər müalicə prosesi faktura ilə icra olunub. Ola bilməz ki, qiymətlər şişirdilsin”.
Xəstəxana əməkdaşının sözlərinə görə, Təbəssüm Məmmədova gətirilərkən vəziyyəti ağır olub: “Ana özü də videoda deyir ki, övladını xarici ölkəyə də müalicəyə aparıb və artıq ümid yox idi. Biri var xəstəxanaya ayaq üstə daxil olurlar ki, mən burdan sağalıb gedəcəm, həkim isə bunu bacarmır, xəstənin ölümünə səbəb olur. Biri də var, tamam əksinə.
Mərhumun bütün sənədləri, analiz cavabları, diaqnozları əlimizdə var. Xəstəlik beynə, ağciyərlərə, qaraciyərə, mədəaltı vəziyə yayılmışdı. Artıq bir neçə günlük ömrü qalmışdı. Onu evə göndərmişdilər ki, daha vəziyyətə müdaxilə etmək mümkün deyil. Valideynləri isə xəstəxanaya gətirdikdə dedilər ki, qızımızın gözümüzün önündə qanaxması olur. Qalsın burada, nə lazımdırsa edərik, təki ağrı çəkməsin.
Anası hər gün qızının yanına gəlib, vəziyyətini görürdü. Hər gün qızının səhhəti barədə ona məlumat verilirdi. Belə xəstələrin tibbi olaraq ömrü uzadılır. Onlara sual verən olmadı ki, xəstəxana sağ olsun, xəstəni bir ay nə yaxşı pulsuz müalicə edib?..”
Samir Nağıyev bildirib ki, Təbəssüm Məmmədovanın atası yalnız bir dəfə xəstəxanaya gəlib: “Atası videoda deyir ki, getdim, iki gün idi ölmüşdü, qalmışdı orada, saxlamışdılar aparatda. Bu, mümkün deyil. Atanın reanimasiyaya girmək icazəsi yoxdur. Xəstənin yanında həmişə anası olub, reanimasiyaya girmək qadağası olsa da, anasına icazə verilirdi. Xəstə rəhmətə getdiyi günün səhəri meyit ailəyə verildi.
İddia edirdilər ki, pul yoxdur, tapa bilmirik. Necə etdilər bəs? Bu puldan xəstəxana heç bir qazanc əldə etmədi. Ödədikləri məbləğ xərclər və dərmanların qiymətidir. Fakturanı göstərə bilərik.
Ailə daha əvvəl xəstəni başqa klinikalara aparsa da, heç bir yer onu qəbul etməmişdi. Biz insanlıq xətrinə qəbul etdik, nəticəsi belə oldu. Mən bir insan kimi videoya baxıram, ana ağlayır, 30 saniyə sonra isə adi biri kimi danışır. 22 yaşında övladın ölüb, sən necə bu müsahibəni verə bilirsən?”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?