380 nəfər barəsində inzibati protokol tərtib olunub
Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Abşeron rayonu ərazisində polis əməkdaşları tərəfindən yollarda, fəaliyyətinə icazə verilən obyektlərdə gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir. Abşeron Rayon Polis İdarəsi və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən bütün rayon üzrə qapalı məkanlar daxil olmaqla davam etdirilən tədbirlərdə icazəsiz hərəkət edən şəxslərlə profilaktik söhbətlər aparılmaqla mövcud sanitar-gigiyenik tələblər izah olunub. Həmin şəxslərin diqqətinə çatdırılıb ki, hər bir şəxs tətbiq olunan qaydalara metodiki göstərişlərə əməl etməlidir.
Reydlər zamanı avtomobil yollarında icazəsi olmadan hərəkət edən sürücülər də müəyyən edilərək cərimələniblər. Nəzarət-profilaktik tədbirlər çərçivəsində müvafiq icazə olmadan yaşayış yerlərini tərk edənlər, eləcə də tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etməyən şəxslər barəsində inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Ümumilikdə son reydlər zamanı Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin qaydalarını pozduqlarına görə ümumilikdə 380 nəfər barəsində inzibati protokol tərtib olunub. Həmin şəxslərdən 261-i tibbi maskalardan istifadə etmədiklərinə, 119-u isə karantin qaydalarının tələbini pozaraq icazəsiz yaşayış yerini tərk etdiklərinə görə cərimələniblər. Karantin qaydalarını pozan 3 nəfər isə inzibati qaydada həbs edilib. Tələbləri pozaraq qanunsuz olaraq fəaliyyət göstərən 3 kafe və restoran da müəyyən edilərək həmin obyektlərin sahibləri barəsində sərt tədbirlər görülüb.
Qeyd edək ki, Abşeron rayonu ərazisində fəaliyyətinə icazə verilən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da mütəmadi olaraq davam etdiriləcək. Təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlərin görülməsi təmin ediləcəkdir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?