“Günlərdir, insanlara Məhərrəm ayı, Aşura günü ilə bağlı xəbərdarlıq edilir. Sosial şəbəkələrdə, mətbuatda, telekanallarda, radio verilişlərdə bu barədə maarifləndirmə aparılıb. Bu il koronavirus pandemiyası səbəbindən Məhərrəmlik ayını karantin rejimində keçirəcəyik”.
Bu fikirləri Modern.az-a karantin rejimində Aşura günü və Məhərrəmlik ayının keçirilməsi qaydalarından danışarkən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini hacı Fuad Nurullayev deyib. O xatırladıb ki, avqustun 21-i Məhərrəmlik daxil olur, avqustun 30-u isə Aşura gününə təsadüf edir:
“Biz hər il Məhərrəmlik günlərini, Aşuranı məscidlərdə, ibadətlə keçiririk. Bu il karantin olduğuna görə, belə imkanlara sahib deyilik. Koronavirus qlobal problemdir. Fikrimcə, heç bir ağıllı insan razı olmaz ki, onun ağbirçəyi, ağsaqqalı bu bəlanın cənginə düşsün, öz əzizlərini də yoluxdursun və ya vəfat etsin. Buna görə Ümumdünya Səhiyyə Təşkilatının koronavirusla bağlı qərarlarına riayət etmək məcburiyyətindəyik. Bəzi insanlar bu mübarizə şəraitində səbirsizlik göstərib, ajiotaja getməməlidirlər. Dünyada təhsil prosesi dayanıb, həyat evə qapanıb. Bu hər kəsin sağlamlığı üçün bunları nəzərə almaq vacibdir. Koronavirusa qarşı birlik olmalıyıq”.
Hacı Fuad vurğulayıb ki, ibadətin Allahın evində, məscidlərdə edilməsi vacib deyil. Hər kəs məsciddə toplaşmalı, namazını burada qılmalıdır - deyə bir qayda yoxdur:
“Möminlər öz evində, istənilən yerdə ibadətini edə bilər, namazını qılar. Allah hər şeyi görür, bilir, eşidir, duaları qəbul edir. Ümid edək ki, hər şey sağlıqla, salamatlıqla yekunlaşacaq. Koronavirus bitəndən sonra məscidlər də açılacaq, möminlər ibadətini istədikləri kimi edəcəklər.
Hər il Məhərrəmlik ayında Aşura günü qanvermə aksiyaları həyata keçirilir. Bu il də təbii ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi Səhiyyə Nazirliyi qarşısında öz istəklərini bildirdi. Səhiyyə Nazirliyi müvafiq yerlərdə qanvermə aksiyasının keçirilməsi üçün tapşırıqlarını verdi. Müxtəlif yerlərdə Qan Bankının filiallarında insanlar azad şəkildə müraciət edib, sosial məsafəni qorumaqla qanvermə aksiyalarına qoşula bilərlər”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?