İndiki dövrdə hər şeyin çox əlçatan olması ilə yanaşı insan duyğularının, hisslərinin korlaşması və insanın insan cildində olaraq da heyvani hisslərlə yaşaması təəccüb, həm də təəssüf doğurur. Elə bir gün olmaz ki, insan taleyinə, insan ömrünə qənim kəsilmişlərin törətdiyi cinayət əməlləri ilə bağlı xəbər oxumayaq. Və bu xəbərlər adi xəbərlər deyil, içimizdə insanlığı məhv edənlərin xəbərləridir…
Xəbəri oxuduqca nə qədər təəssüfləniriksə, “qatilə” (bəli, insan həyatı ilə oynayanlar, onun məhvinə yönəldilmiş addım atanlar elə qatildirlər – N.N) təyin olunan cəza ilə tanış olanda o qədər də qəzəblənirik.
Son günlər Lerikdə baş vermiş iyrənc olayla bağlı qatilin 1 il həbs edilməsi xəbəri cəmiyyəti silkələdi. Cəmiyyət ötən il Elinanın faciəsindən sonra da belə silkələnmişdi. Ələlxüsus da məktəbin direktoruna ev dustaqlığı cəzası təyin olunandan sonra. Bəlkə də Lerikdəki 60 yaşlı “müəllim” (bu müqəddəs adı ona yaraşdırmıram – N.N.) elə Elinanın ölümünə bais Sevinc Abbasovanın aldığı cəzadan sövqlənmişdi, bəlkə də Sevinc kimilər vaxtında düzgün mühakimə edilsəydi, bu gün Lerikin 15 yaşlı məktəblisinin qayğıları, el qınağı, bətnində körpə daşımaq deyil, yalnız təhsillə bağlı olardı. Amma çox təəssüf ki, belə deyil və nə qədər ki, cani ədalətlə mühakimə olunmayacaqsa, körpə fidanlarımız elə körpə ikən məhv olacaqlar…
Əsas məsələyə bu qədər uzaqdan başlamağım əbəs deyil. Unudulmayan Elina faciəsi və bu gün hamının “Elinanın məktəbi ” kimi tanıdığı 162 saylı orta ümümtəhsil məktəbində nələr baş verir? Ötənilki məlum faciədən sonra 162 saylı məktəbin direktoru işdən çıxarılıb, uzunmüddətli istintaq tədbirlərindən sonra Sevinc Abbasova Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma), 314.2-ci ( səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilib və sonda barəsində ev dustaqlığı qəti imkan tədbiri seçilib. Elinanın sinif rəhbəri, məktəbin psixoloqu işdən kənarlaşdırılıblar.
Amma, bəlkə də, istintaq nümayəndələrinin nəzərindən yayınan bir məqam hələ də var. Məktəbin o vaxtkı direktoru Sevinc Abbasovanın otağına bitişik otaqda olan katibə, yaxud direktorun köməkçisi Nigar Məmmədova sudan quru çıxmağı bacarıb. Bu “bacarığının” ifşası barədə əlimizdə kifayət qədər məlumatımız var (həmin məlumatları vaxtı gəlincə əlaqədar orqanlara təqdim edəcəyik). Bu xanım hadisə baş verən günü direktorun otağının qarşısında sipər olub, kimsənin ora daxil olmasına imkan vermədiyini deyən şahidlər də var. Məhkəmə prosesində N.Məmmədova dindirilib. O bildirib ki, E.Hacıyevanın özünü 3-cü mərtəbədən atması barədə ona kimya müəllimi məlumat verib: “Müəllimə deyən kimi qaçaraq çölə çıxdım. Gördüm ki, uşaqlar onu gətirirlər. Tibb bacısının otağına qalxdıq, bağlı olduğu üçün direktorun otağına gətirdik. Həmin vaxt otaqda direktor və müavinləri var idi. Elina suallara “yuxuluyam”, “heç nəyi başa düşmürəm”, “dərman içmişəm” kimi cavablar verirdi. Məktəbə daha sonra polis gəldi, bir müddət sonra isə Xalidə xanım özünü çatdırdı”.
Adətən, kiminsə xəsarət aldığını görəndə ilk öncə təcili tibbi-yardıma zəng edilir, daha sonra polisə, yaxın adamlarına xəbər edilir. Məlum hadisədə isə fərqlilik nümayiş olunub.
Şahidlərin sözlərinə görə, elə N.Məmmədovanın verdiyi ifadədən də aydın görünür ki, təcili tibbi-yardımın gec çağırılması da elə bu xanımın əməyi sayəsində olub. Amma bütün bunlara rəğmən, Nigar Məmmədova bu gün də 162 saylı məktəbdə işləyir. Sual oluna bilər: Niyə? Bax bu niyənin arxasında Sevinc Abbasovanın yenidən öz kanallarında istifadə edərək həmin məktəbə direktor kimi qayıdacağı fikirlərini reallaşdırmaq dayanır. Nigar Məmmədovanın, eləcə də köhnə direktorun isti münasibətdə olduğu 7-8 nəfərin bu məktəbdə qalması məktəbin yeni direktorunun işinə pəl vurmaq, şikayət məktubları yazmaq və sonda Sevinc Abbasovanı yenidən bu məktəbə qaytarmaqdır. Bu fikirlərimizi əsaslandırmaq üçün elə bu köhnə “komandanın” sosial şəbəkələrdəki paylaşımlara nəzər salmaq yetər.
Bir vaxtlar (S.Abbasova dönəmində – N.N.) Naxçıvan kollecinin Ağcabədi filialını bitirdiyini iddia edən orta təhsilli N.Məmmədova sinif müəllimi kimi də işləyib. İndi isə şantaj xarakterli şikayət məktubları yazmaqla hansı məsuliyyət daşıdığının bəlkə fərqində də deyil. Bəlkə də bu orta təhsilli “müəllimə” məktəbi cinayət yuvasından təmizləməyə çalışan yeni rəhbərliyin fəaliyyətini həzm edə bilmir? Yaxud da “bəlkə də qaytardılar” prinsipinə sığınıb bu ağlasığmaz, planlaşdırılmış hərəkətləri davam etdirir?!.
Bütün ehtimalları nəzərə alıb, N.Məmmədovanın da münasibətini öyrənmək istərdik.
Bir sözlə, müşahidələrimiz göstərir ki, 162 saylı məktəbdə xeyirlə şərin mübarizəsi gedir. Bu mübarizədə xeyirin qalib gələcəyinə əminik! Ümid edirik ki, bu kimi hadisələrə aidiyyatı orqanlar düzgün qiymət verəcək, “ev dustaqlığı”, “1 il” kimi absurd cəza tədbirlərini yenidən nəzərdən keçirəcəklər. Əks halda onların azadlıq əldə edəcəyi halda, daha neçə şagirdin həyatını məhv etməyəcəyinə heç kim zəmanət vermir./dominant.az/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?