Bakıda, icitimai nəqliyyatda hər gün həm komik, həm də faciəli hadisələr baş verir. Cəmiyyətimizin güzgüdə əksi olan bu sahədə bütün pozitiv və neqativlərimiz üzə çıxır. Sürücü epileptik tutma keçirmiş bir sərnişinə kömək edir, digəri içində iri məbləğ olan unudulmuş pulqabını tapır və sahibinə qaytarır. Amma bu medalın o biri üzü də var. Sürücülər sərnişinlə dolu avtobusu yüksək sürətlə idarə edir, insanlara qarşı kobud davranır, maşın sürərkən siqaret çəkir və yüksək səslə musiqi dinləyirlər.
Bugünlərdə bir sərnişin ilə sürücü arasında baş verən bir hadisə medianın diqqətini çəkdi. Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, 13 nömrəli servis avtobusunun sürücüsü sərnişinə qoruyucu tibbi maskadan düzgün istifadə etməyi tövsiyə edib. Sərnişin bunu əməl etmədikdə, sürücü avtobusu yerindən tərpətməyəcəyini söyləyib. Nəticədə narazı qalan sərnuşin sürücünü vurub.
Polis xuliqanın kimliyini tez müəyyən edib – Abşeron rayon sakini, 1993-cü il təvəllüdlü Anar Nemətli. Fakt üzrə İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələrinə uyğun olaraq protokol tərtib edilib, materiallar Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Sevindirici haldır ki, BNA bu kimi hadisələrə belə tez reaksiya verir. Qoyulan qaydalara hər kəs əməl etməlidir. Ancaq bu hadisə xoşagəlməz bir məqamı xatırlatdı. Yarandığı gündən BNA yalnız sərnişinlərin sürücülərə münasibətdə qeyri-adekvat hərəkətləri ilə bağlı məlumatlar yayıb. Bu qurumun sürücülərin günahkar olması ilə bağlı yaydığı heç bir hala rast gəlməmişik.
Konkret nümunə tapmaq üçün uzağa getmək lazım deyil. Bu yaxınlarda bir polis məmurunun “Bakubus” avtobusunda sərnişinlərin mübahisəsini necə həll etdiyinə dair material və video yaymışdıq. Oxucumuz 1 iyun tarixində saat 09:20 radələrində 1 nömrəli marşrut avtobusunda baş verən hadisə ilə bağlı bizimlə əlaqə saxlamışdı. Beləliklə, yarımboş avtobusa minən oxucumuz, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki növbəti dayanacağa qədər gəlir və...
Burada sərnişinlər avtobusa girməyə başlayır və onlardan biri sosial məsafəni qorumaq çağırışı olan stiker yapışdırılmış oturacaqda oturmaq istəyir. Buna cavab olaraq oxucumuz qoruma tədbirlərini xatırladaraq ona nəzakətlə etiraz edir. Lakin ikinci sərnişin onu eşitmək belə, istəmir. Sürücü müdaxilə edir və ərazidə növbə çəkən polis məmurunu çağırır. Polis ikinci sərnişini qaydalara riayət etməyə çağırmaq əvəzinə oturacaqdan xəbərdarlıq stikerini qoparır və artıq burada oturmağa icazə verildiyini deyir. Asayiş keşikçisi oxucumuzun qanunun tələb etdiyi kimi özünü təqdim etmək tələbini qulaqardına vuraraq, onun bu hərəkətini mobil telefon kamerasına çəkməsinə də imkan vermir.
Amma həmin gün oxucumuz üçün təkcə bu insidentlə bitmədi. Baş verənlərdən sonra 1 saylı avtobusun sürücüsü, qanunun adağan etməsinə baxmayaraq, hərəkət zamanı çox rahatlıqla mobil telefonla danışmağa başladı.
Sürücünün avtobusu idarə edərkən cib telefonu ilə necə danışdığı barədə video yayılsa da, BNA bu hadisəyə heç bir reaksiya vermədi. Məlum olur ki, BNA öz fəaliyyətində "Yupiterə icazə verilən şey öküzə verilmir" prinsipini rəhbər tutur. Sərnişinlər haqqında mənfi məlumatlar yayılır, lakin qeyri-adekvat sürücülərin iştirakı ilə baş verən hadisələr barədə BNA bilərəkdən lal sükutunu saxlayır.
İctimai nəqliyyat sistemini anlamaqdan uzaq olan BNA rəhbərliyi başa düşməlidir ki, artıq 21-ci əsr - informasiya texnologiyaları əsridir. Hər kəsin cib telefonunda kamera var, hadisələri lentə alır və sonra sosial şəbəkələrdə yerləşdirir. Əgər BNA həqiqətən də öz işini səhmana salmaq istəyirsə, sərnişinlərlə dialoq qurmağın vacibliyini başa düşməli və sürücüləri haqlı çıxarmaqla, ancaq sərnişinləri günahlandırmamalıdır. //AYNA.AZ//
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?