"Artıq qərar vermişdim ki, bir az da gözləyəcəyəm, əgər dostlarım tərpənməsələr, özüm təkcə gedəcəyəm Qarabağa. Düzü özüm də bəzi şeyləri rahatlayandan sonra döyüşə getməyi planlaşdırırdım. Onda evimiz uçuq bir daxma idi. Atamın mənə normal ev almaq imkanı yox idi. Ancaq kişi gənc ailənin kirayədə qalmasındansa, özünə məxsus daldalanacaq bir komasının olmasını doğru saymışdı və bu komanı almışdı. Əsas qayğım evin dammasından sarı idi. Üç iliydi ki, heç cür onun qarşısını ala bilmirdim, guya indi nə edəsiydim ki? Digər tərəfdən fikirləşirdim ki, Mayanı iki körpə uşaqla belə vəziyyətdə qoymaq olmaz. Orasını da deyim ki, mənim səhər tezdən “qeyrətlənib” dama çıxmağım onu xeyli təəccübləndirmişdi. Çünki Qarabağa gedəcəyim haqda nə ona, nə də ata-anama, bacılarıma heç nə deməmişdim. Fikirləşirdim ki, getməyimə razı olmayacaqlar, fikrimdən daşındırmağa çalışacaqlar. Mayaya bir məktub yazıb hazırlamışdım. Evdən çıxıb Qarabağa yola düşəndə də heç kəsə heç nə deməyəcəkdim. Sonradan xəbər göndərib məktubun yerini bildirəcəkdim.
Damdan düşüb otağa girdim. Nigarla Nərgiz atalarının damdakı “qəhrəmanlığından” bixəbər şəkildə mışıl-mışıl yatırdılar. Birdən-birə qəribə hisslər məni çulğadı. Bərk kövrəldim. Nərgiz balaca çarpayıda, Nigar isə böyük çarpayıda yatırdı. Nigarın yanına uzanıb üzümü üzünün üstünə qoydum, xeyli beləcə uzandım. Mən xasiyyətcə uşaq sevən adamam və uşaqlarla oynamağı çox sevirdim. Bu dəfə isə susqun, donuq şəkildə Nigarın yanında uzanıb qalmışdım. Maya da şübhələnmişdi. Səhər tezdən dam əhvalatı, indi isə kövrəlmiş halda Nigarın yanında susqun uzanmağım onun diqqətindən qaçmamışdı. Məndən nə baş verdiyini soruşdu. Mən də yalandan dedim ki, heç nə olmayıb. Məncə məhz o vaxt, Nigarın yanında uzananda ilk dəfə idi ki, müharibədən qayıtmayacağım halda daxmada qoyub getdiyim bu üç qadının axırının necə olacağı haqda ciddi-ciddi düşünməyə başladım. Suallar çox idi, amma heç birinə cavab tapa bilmirdim. Heç olmasa ailənin normal mənzil şəraiti və dolanışığı da yox idi ki, özümə azca təsəlli verəydim. Üzüm Nigarın üzündə qalmışdı, onun nəfəsinin qoxusu bihuş etsə də, beynimdən keçən suallar məni cəllad kimi doğrayırdı. Müharibəyə getmək qərarımda heç bir tərəddüdüm yox idi, gedəcəkdim, vəssalam, qoyub getdiyim adamların aqibətini düşündükcə sarsılırdım. Ailə başçısı, onun işləyən tək üzvü kimi evdən çıxanda evdə qalanlara bir həftəlik çörək pulunu qoya bilməyəcəkdim".
Sorğu
Yeni dizaynımız necədir?