Dünən Astara rayonunda qayınatanın gəlini tərəfindən bıçaqlanması hadisəsinin təfərrüatı məlum olub.
Astara Rayon Polis Şöbəsində aparılan ilkin araşdırmalar zamanı Maşxan kəndində 1960-cı il təvəllüdlü Axundov Nadir Mirzəmməd oğlunun gəlini, 25 yaşlı Aysel Axundova tərəfindən ailə-məişət münaqişəsi zəminində bıçaqlanması üzə çıxıb.
Belə ki, bir neçə il əvvəl ailə quraraq Şahağaçı kəndindən Maşxan kəndinə gəlin köçən Ayselin bir müddət sonra ailədaxili münasibətlərində problem yaranıb, gəlinlə həyat yoldaşının valideynləri arasında tez-tez münaqişələr baş verib.
Təxminən iki ay əvvəl A.Axundova azyaşlı körpəsini götürərək atası evinə qayıdıb. Bundan sonra onun qohumları Maşxan kəndinə gələrək gənc ailənin yaşaması üçün yeni tikilmiş evi sökməyə çalışıblar. Qızın qohumları evin onların maddi dəstəyi ilə tikilməsini və Ayselə burada dinclik verilməməsini əsas gətirərək tikilini dağıtmaq istəyiblər.
Həmin vaxt qonşuların müdaxiləsi ilə münaqişə yatırılıb. 10-15 gün əvvəl isə 25 yaşlı gəlin atası evindən həyat yoldaşının yanına qayıdıb. Lakin münasibətləri qaydaya salmaq yenə mümkün olmayıb. Vaxtaşırı spirtli içki qəbul etdiyi bildirilən Nadir Axundovun gəlini ilə növbəti münaqişəsi kişinin kürəyindən bıçaqlanması ilə nəticələnib.
Ötən gecə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Nadir Axundov orada əməliyyat olunub.
Hadisəni törədən 1995-ci il təvəllüdlü Aysel Kazım qızı Axundova isə polis tərəfindən saxlanılıb.
Faktla bağlı açılmış cinayət işinin istintaqı davam etdirilir./publika.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?