Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Elçin Sadıqovun fərdi vəkil kimi fəaliyyətini dayandırıb. Onu Bakıdakı 14 saylı vəkil bürosuna keçirib. Rəyasət Heyəti həmçinin Sadıqova töhmət elan edib.
Elçin Sadıqov Azərbaycanda yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin hüquqlarını müdafiəsi ilə tanınır. O, Avropa İnsan Hüquqları Məhkəməsində çoxsaylı işləri udub. Elçin Sadıqov əvvəllər də vəkillik fəaliyyətinə görə tənbehlərlə qarşılaşıb.
O son aylarda Amnesty International tərəfindən vicdan məhbusu kimi tanınan müxalif siyasi xadim Tofiq Yaqublunun və iyulun 14-də Azərbaycan Ordusunu dəstək məqsədi ilə keçirilən aksiyada yaranan insident faktı ilə bağlı cinayət işi üzrə həbs edilən müxalifət fəallarının vəkilidir.
Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin ona qarşı qərarı qanunsuzdur. Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəcəm ki, Vəkillər Kollegiyasının və Prezident Administasiyasının binaları qarşısında vəkillərə təzyiqlərə son qoyulması tələbi ilə təkadamlıq piket keçirim.
“Vəkillər Kollegiyası ötən il fərdi vəkilliyin ləğvi ilə bağlı siyasət aparırdı. Ancaq, o şəxslərə fərdi vəkillik verilirdi ki, həmin şəxslər kollegiyanın rəhbərliyinin yaxın çevrəsidir. Ötən il mənim də fərdi vəkillik fəaliyyətimi ləğv etdilər və sonradan bərpa etdilər. Ona görə ki, bu, tamamilə qanunsuz idi. Dünən də bir intizam icraatına baxdılar. Hansı ki, həmin şikayəti də özləri təşkil etmişdilər. Məndən şikayəti təşkil etdirən Rəyasət Heyətinin üzvü, qarşı tərəfin vəkili Elçin Qəmbərov idi. Şikayətə dünən, sentyabrın 25-də baxıldı. Məhkəmənin və prokurorluğun əməlimdə pozuntu olmaması barədə qərarı olmasına baxmayaraq (qərarı sentyabrın 2-də Səbail rayon Məhkəməsi verib, 30 iyulda isə rayon prokuroru qərar qəbul edib ki, Sadıqovun əməlində qanunn pozuntusu yoxdur) Vəkillər Kollegiyası məni vəkil etikasını pozmaqda təqsirli bildi. Bu tamamilə əsassız idi. Hesab edirəm ki, bu şikayəti Vəkillər Kollegiyası təşkil etmişdi. Eyni zamanda, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 22-ci maddəsinin 3-cü hissəsinə görə pozuntu törədildiyi andan bir il müddətində tətbiq oluna bilər. İntizam icraatı isə altı ay ərzində davam edə bilər. Mənimlə bağlı intizam icraatı yanvarın 15-də başlayıb. Doqquz ay on gündən sonra qərar qəbul olundu. Bu da tamamilə qanunsuzdur. Məni ötən ilin may ayının 14-də olanlara görə təqsirli bildilər, halbuki bir il dörd aydan çox müddət keçib. Məni təqsirli bilə biməzdilər. Məhkəmənin qərarı ilə yanaşı qanuna hörmət qoyub məni təqsirli bilə bilməzdilər,” vəkil qeyd edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?