Xəbər verildiyi ki, ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2021-ci ilin 31 yanvarınadək uzadılıb.
14 dekabrdan 18 yanvara kimi isə SMS-icazə sistemi tətbiq olunub. SMS icazə sistemi Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) tətbiq olunacaq. Səhiyyə qurumlarının bildirdiyinə görə, yeni qapanma və məhdudiyyətlərə ölkədə epidemioloji durumun kritik həddə olması səbəbilə qərar verilib. Son iki ayda koronavirusa gündəlik yoluxma dördrəqəmliyə keçib.
Virusdan ölənlərin gündəlik sayı isə 30-45 aralığında dəyişir. Müstəqil həkim və mütəxəssislər isə koronavirusla mübaqrizədə sərt karantinin əhəmiyyətinin olmadığını vurğulayır. Hətta pandemiya mövcud olandan sərt karantin tətbiq olunmayan ölkələrdə epidemioloji durumun sərt karantin tətbiq edilən ölkələrə nisbətən daha yaxşı olduğunu bildirirlər.
Məsələ ilə bağlı Cebhe.info-ya danışan tanınmış nervpotoloq-həkim Qalib Əsədov SMS icazənin və qapanmaların tətbiqinin nəticəsiz olacağını deyib:
“Danışmağın heç bir mənası yoxdur. Öz bildiklərini edirlər. Qapanmalar virusun yoluxmasını azaltmayacaq. Bir ildir qapanmışıq, yoluxma azaldımı? Bir ildir sərt karantin rejimində yaşayırıq. Yoluxma artır. Nə qədər ki, mübarizə tədbirləri doğru-düzgün təşkil olunmayıb, yoluxma çoxalacaq. Əksər ölkələrdə, eləcə də Naxçıvanda məktəblər işləyir. Yoluxma sayına görə öndə gedən Hindistan və Azərbaycanda mübarizə tədbirləri düzgün təşkil olunmayıb. Nə qədər ki, apteklərdə dərmanlar yoxdur, nə qədər ki, testlər aparılmır, yoluxmalar çoxalacaq. Bu biabırçı vəziyyəti yaradanla mübarizə aparmaq lazımdır. Camaatı zorla evə həbs etməyin heç bir mənası olmayacaq. Elementar bir statistika var. “Voldmetr” adlı saytı açıb baxsınlar. Karantin tətbiq olunmayan ölkələrdə, sərt karantin tətbiq olunan ölkələrdə vəziyyət necədir? Çin birinci qapanma tətbiq etmişdi, sonra açılım verdi. Bu gün Çində gündə 10-15 nəfər yoluxur, ölüm yoxdur. Çünki karantini götürdülər. Karantin tam mənasız, kollektiv immunitetin yaranmasına əngəl törədən, iqtisadiyyatı çökdürən və milləti savadsızlaşdıran bir şeydir. Sərt karantin rejiminin bu virusun yoluxmasında ümumiyyətlə, heç bir əhəmiyyəti yoxdur”.
Həkim bildirib ki, testlərin cavabı 10 günə gəlir:
“Təşkil etsinlər ki, operativ cavab gəlsin. Aptekləri keyfiyyətli dərmanlarla doldursunlar. Hindistanda qadağan olunmuş “Faviravir” adlı dərmanlarla yox... Təsəvvür edin ki, Hindistan bu dərmanı istehsal edib və sonra müəyyən olunub ki, preparatın heç bir effekti yoxdur. Ondan sonra Hindistanda bu dərmanın istifadəsi tövsiyə olunmur. Biz onu Hindistandan almışıq və apteklərimizə verərək, öz millətimizə tətbiq edirik. Qonşu Türkiyə “Favikavir” adı ilə çox gözəl dərman istehsal edib. O dərmanları gətirsinlər. Bu gün apteklərdə “Kleksan” (qan durulducu) dərmanı tapılmır. Dünən bir xəstəm zəng edib ki, anamda 38 dərəcə qızdırma var. Polinklinikaya zəng etmişik, deyiblər ki, test götürmək üçün çubuğumuz yoxdur. Bu nə biabırçılıqdır? Bunu təşkil etsinlər... Camaatı zorla evə tıxımağa ehtiyac yoxdur”.
Həkim ölkənin səhiyyə qurumlarının qəribə xaos vəziyyəti yaratdıqlarını vurğulayıb:
“TƏBİB-ə zəng edirsən, deyilir ki, bu işə Səhiyyə Nazirliyi baxır. Səhiyyə Nazirliyinə yığırsan, o da TƏBİB-ə müraciət etməsi tövsiyə edir. Bu məsuliyyətin bölüşdürülməsidir. Bu gün səhiyyədə ikihakimiyyətlilik hökm sürür. Məhz bu ikihakimiyyətlilik səhiyyədə qarmaqarışıqlıq və xaos yaradıb. Konkret bir qurum yoxdur ki, koronavirusa qarşı mübarizədə səriştəsizliyinə görə o qurum məsuliyyət daşısın. Bilmirsən ki, hansı qurum daha səriştəsiz və pis işləyir. Nəticə etibarilə isə çarəsiz insanlar əziyyət çəkir”.
Sorğu
Yeni dizaynımız necədir?