Dekabrın 9-da COVİD-19 virusu ilə mübarizə aparan tibb personalı arasında zəhərlənmə olub.
Bu barədə Meydan TV-yə zəhərlənənlərdən bir neçə nəfər məlumat verib.
Onlar işlərini itirməmək üçün adlarının gizli saxlanmasını xahiş ediblər: “Koronavirusla mübarizə aparan tibbi personal evlərinə getmir. Onlar şəhərin müxtəlif yerlərindəki otellərdə və Atletlər Kəndində qalırlar. Yeməyi də bir türk şirkəti var, onlar verirlər. Həmişə keyfiyyətsiz yemək verilir, bəyənmirik. Amma bu dəfə verilən yemək, görünür, köhnə olub deyə zəhərlənməmizə səbəb oldu”.
Şikayətçi deyir ki, Atletlər Kəndində onun bildiyi 35 nəfər zəhərlənib.
Mərkəzi Neftçilər Xəstəxanasında çalışan daha 2 nəfərin zəhərləndiyini eşidib: “Bəlkə də, daha çox adam zəhərlənib. Məndə olan məlumat budur. İçi mən qarışıq hamımız qida zəhərlənməsi yaşamışıq. Mərkəzi Neftçilər Xəstəxanası, Modul Tipli Xəstəxanalara (Abşeron Modul, Saray Modul və.s) da eyni türk şirkəti verir yeməyi. Onlarda da yeməkdən zəhərlənmə halları qeydə alınıb. Məncə, araşdırılsa, məlum olar. Hər halda biz tibb işçisiyik və bunun qida zəhərlənməsi olduğunu anlamaq çətin deyil”.
Mənbə bildirir ki, bu, ilk deyil. Daha öncə də həmin şirkətin keyfiyyətsiz yeməklərindən zəhərlənənlər olub. Düşündük ki, bunu ictimailəşdirmək lazımdır: “Biz onsuz da çox çətin şəraitdə işləyirik. Ağır xəstəliklə mübarizə aparırıq. Bir tərəfdən də bu cür məsuliyyətsizliklərlə bizim zəhərlənməmizə səbəb olurlar”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) deyilib ki, zəhərlənmə halı qeydə alındıqdan dərhal sonra zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, zəhərlənmə diaqnozu müəyyən edilmiş şəxslər xüsusi nəzarətə götürülüb:
“Zərərçəkənlər zəruri tibbi müayinələrdən keçirilib və onlara müvafiq tibbi yardım göstərilib. Təcili və təxirəsalınmaz tədbirlər nəticəsində xəstələrin vəziyyəti stabilləşib”.
TƏBİB bildirir ki, onların nümayəndələri zərərçəkənlərə baş çəkib, vəziyyətləri ilə maraqlanıb: “Yaranmış vəziyyətlə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) məlumat verilib. Hazırda AQTA və müvafiq strukturlar tərəfindən baş vermiş hadisənin səbəbləri araşdırılır. Araşdırma müvafiq qurumlar tərəfindən ciddi nəzarətə götürülüb”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?