Amerikda baş verən hadisələrin sosioloji və politoloji analizləri hələ uzun illər davam edəcək. Hətta ciddi araşdırmalar mövzusu olacaq.
Bunu Modern.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli ABŞ-da Donald Tramp tərəfdarlarının Konqres binasına hücumunun dünyanın iqtisadi mənzərəsinə təsirlərindən danışarkən bildirib.
N.Cəfərli qeyd edib ki, söhbət təkcə Trampın davranışından yox, onun yaratdığı sosioloji və siyasi durumdan gedir:
“Hətta bu prosesə “Trampizm” adı verilib. Bunun yaratdığı səbəblər ciddi analizə, ciddi araşdırmalara tabe olmalıdır.
İqtisadi məsələlərə gəldikdə, mən düşünmürəm ki, Amerikda böhranlı vəziyyət yaranıb, belə bir hal yoxdur. Amerikanın institutsional gücü ayrı-ayrı şəxslərin gücündən daha çoxdur. Çox güman ki, bu gün-sabah bütün siyasi problemlərin həllini görəcəyik və yanvarın 20-də Co Bayden and içərək öz fəaliyyətinə başlayacaq. Bununla bağlı ciddi problemlərin olacağını düşünmürəm. Dünya iqtisadiyyatında Amerikanın rolunu nəzərə alsaq, iqtisadi proseslərin hansı yöndə inkişaf etməsi, pandemiya ilə mübarizədə Amerikanın atacağı addımlar, demokratların yeni təşviq paketləri iqtisadiyyata güc verəcək. Amerika iqtisadiyyatının tezliklə dirçəlməsinə səbəb olan addımlar olacaq”.
Ekspert deyib ki, Amerika özünə gəldikcə, proseslər dalğavari olaraq, dünyaya da təsir edəcək:
“Dünya iqtisadiyyatının məruz qaldığı böhranlı vəziyyət tədricən aradan qalxacaq. Bu mənada ciddi kataklizmlərin olacağını gözləmirəm. Azərbaycana gəldikdə isə ölkəmizi daha çox neft maraqlandırır. Təəssüf ki, neftdən asılı olan ölkəyik. Dünya iqtisadiyyatının dirçəlməsi neft qiymətlərinə də pozitiv təsir göstərəcək. Hələ dünya iqtisadiyyatında müsbətə doğru ciddi irəliləyişlər olmasa da, artıq neft qiymətlərinin yüksəldiyini müşahidə edirik. Neftin qiymətinin bu il ərzində 50-55 dollar civarında qərarlaşması, Azərbaycan iqtisadiyyatı üçün ciddi dəstək olacaq”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?