Rusiyaya casusluğa görə 15 il iş alan ABŞ hərbçisi Azərbaycanda da olub... - İLGİNC FAKT
ABŞ Silahlı Qüvvələrinin Rusiyaya casusluq etdiyini etiraf edən keçmiş “yaşıl beretli” hərbçisi 15 ildən artıq müddətə azadlıqdan məhrum edilib.
O uzun müddətdə məxfi informasiyaları Rusiya hərbi kəşfiyyatına ötürdüyünü boynuna alıb.
Vircinya məhkəməsinin hakimi hökmü mayın 14-də elan edib. Prokurorlar keçmiş xüsusi əməliyyatlar zabiti üçün 17 il iş istəmişdilər.
Xəbərdə deyilir ki, 46 yaşlı Piter Debbins 1996-cı ildən 2011-ci ilədək Rusiyaya səfərləri zamanı Rusiya agentləri ilə müntəzəm görüşüb və onlara vaxtilə xidmət etdiyi kimyəvi və xüsusi qoşun birləşmələri haqqında məlumatlar ötürüb.
ABŞ Ədliyyə Nazirliyinin Milli Təhlükəsizlik Departamenti üzrə baş prokuror müavini Con Demers proses zamanı deyib ki, Debbins həmkarlarına və ölkəsinə xəyanət edib və bu, həm də Rusiya kəşfiyyatının ABŞ hərbiyyəsini hədəfləyən əməliyyatlarının miqyasını göstərib.
Demers deyib ki, müttəhimə kəsilən uzunmüddətli həbsxana cəzası onun davranışının nə dərəcədə təhlükəli olduğunu göstərir və buna bənzər iş görmək fikrinə düşənlər üçün xəbərdarlıq olmalıdır.
ABŞ prokurorluğunun sənədlərində deyilir ki, anası Sovet İttifaqında doğulmuş Debbins ilk dəfə Rusiyaya 1994-cü ildə indiki arvadı ilə Çelyabinskdə görüşmək üçün səfər edib.
Debbinsin qayınatası Rusiya hərbi-hava qüvvələrində xidmət etmişdi.
O Rusiyaya 1996-cı ildə Minnesota Universitetinin mübadilə tələbəsi kimi qayıdıb və burada onu kurasiya edən Rusiya agentli ilə görüşüb.
ABŞ-da doğulmuş Debbins Rusiya kəşfiyyatına özünü “Rusiyanın oğlu” hesab etdiyini demiş, Birləşmiş Ştatların dünyada həddindən artıq hegemonluğundan gileylənmiş və ABŞ-ın “özünü yığışdırmalı” olduğunu bildirmişdi.
Məhkəmə sənədlərinə görə Debbins ABŞ ordusuna həqiqi xidmət zabiti kimi 1998-ci ildə daxil olub və 2005-ci ilədək xidmət edib. Onun xidmətinin son iki ili Xüsusi Qüvvələrdə keçib.
Azərbaycana arvadını da gətirmişdi
O Azərbaycanda ezamiyyətdə olarkən iş protokolunu pozduğuna görə məxfi xidmətdən xaric edilib.
O protokolu Azərbaycana ezamiyyətində arvadını da özü ilə aparmaqla və onun dövlət mobil telefonundan istifadəsinə imkan verməklə pozmuşdu.
Hərbidən xaric edildikdən sonra Debbins hərbi şirkətlərdə mülki şəxs kimi işləmiş, burada ondan əks-kəşfiyyat işləri üçün, o cümlədən rus linqvisti kimi istifadə edilmişdi.
İlkin ittihamda qeyd olunurdu ki, Debbins Xüsusi Qüvvələrdəki həmkarlarının adlarını və onlar barədə başqa informasiyaları Azərbaycana və Gürcüstana səfərləri zamanı ötürüb.
Debbinsin etirafında deyilir ki, Rusiya agentləri onun verdiyi informasiyalardan ABŞ Xüsusi Qüvvələrində daha kimlərin Rusiyaya casusluq üçün ələ alınmasının mümkünlüyünü öyrənmək üçün istifadə edirdilər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?