“Mən boyda Xalq artisti “Karlson” kimi damda yaşayıram. O vaxt Bakının sabiq meri Hacıbala Abutalıbov məni evimi, uçurdu, pis günə qoydu və mənə bu damı verdilər. Hazırda mansartda, balkonsuz bir yerdə yaşayıram”.
Gundemxeber.Az bildirir ki, bu sözləri Yenisabah.az-a Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Sənətçi Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovun özbaşınalığı ucbatından öz evindən məhrum olaraq, hazırda damda yaşadığını bildirib: “O gün jurnalistlərdən biri dedi ki, “Əbdül müəllim, Hacıbala Abutalıbovun villalarını tapmışıq, adresi verək, get aç qapını, gir içəri”. Mən ədəbsiz, tərbiyəsiz, əxlaqsız adam olsam, onlar kimi həyasız, vicdansız, mənəviyyatsız olsam, gedib qapını açıb, içəridə oturaram. Bu, mənim halal haqqımdır, mənim bu ölkə üçün saysız xidmətim və buna görə yaşamaq haqqım var. Küçədə qalan, dəli, başdanxarabın birinə görə mən hazırda bu vəziyyətdə yaşayıram. Hacıbala Abutalıbov niyə yoxlanılmır?! Dəfələrlə müraciət etmişəm, bu adam illərdir dövlət qanunlarını icra etmir! Heç kəs səsini çıxarmır. Niyə həbs edilmir? Niyə haqqında istintaq aparılmır?! Yalandan müavinlərini həbs edirlər. Onların nə günahı var? Bu məmurlar hamısı əlbirdirlər, bir-birlərinə arxa-dayaqdırlar, bir yerdə çapıb-talayırlar. Bir-iki hərif adam tapırlar, onu qabağa verib, həbs etdirirlər, bütün günahı onun çiyninə yükləyirlər. 3-4 il sonra da cinayət işi bağlanır, həmin məmurlar da pullarını yeyib, kef edirlər”. Kinorejissor qeyd edib ki, dövlət başçısının gördüyü saysız uğurlu işlərin fonunda bəzi məmurların və dövlət qurumlarının yol verdiyi ciddi nöqsanlar vətəndaşlarda narazılıq yaradır və görülən işlərin də üzərində kölgə salır: “Ağzımı açıb etiraz edəndə də deyirlər ki, “Şeyx yenə başladı”. Nəyə görə susmalıyam?! Prezident öz dili ilə xalqa müraciət edir ki, mənə kömək edin, məlumat verin. Bu sözü Prezident deyir, amma xırda məmurların qəbuluna düşmək mümkün deyil. Hansı nazir son vaxtlar bir vətəndaşla görüşüb, dərdini dinləyib? Onlar özlərinə sığışdırıb heç öz əməkdaşları ilə nahar belə etmirlər. Bunlar kimdir axı? Haranın tulasıdılar ki, onlara bu boyda imtiyaz verilib? Nəticəsi də görünür, hamısının qapısı vətəndaşların üzünə bağlıdır. Niyə xalqdan qaçıb, gizlənirlər? Hardan çıxdılar, gülməşəkər oldular ki, dörd mühafizəçi ilə gəzirlər? Vəzifəyə gəlmək üçün dəridən-qabıqdan çıxırlar. Axı vəzifə məsuliyyətdir, bunu anlamırlar”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?