"STS" şirkəti və "Sahil-D Kompani" MMC-nin təsisçisi Sahib İbrahimovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Faiq Qəniyevin icraatına verilib. Məhkəmənin başlayacağı vaxt hələ məlum deyil.
Qeyd edək ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin "STS" şirkəti, "Sahil-D Kompani" MMC-nin təsisçisi, dələduzluq faktlarına görə əvvəllər məhkum edilmiş İbrahimov Sahib Hüseyn oğlunun yenidən oxşar xarakterli cinayət əməlləri törətməsinə dair xüsusi qərardadı əsasında 2021-ci ilin yanvar ayından başlayaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Eyni zamanda həmin özəl təşkilatların vəzifəli şəxsləri barəsində kommersiya bankından daxil olmuş materiallar da qeyd edilən cinayət işinə əlavə edilməklə iş üzrə zəruri istintaq hərəkətləri həyata keçirilib.
Cinayət işi üzrə aparılmış istintaq-əməliyyat tədbirləri ilə "STS" şirkəti və "Sahil-D Kompani" MMC-nin təsisçisi Sahib İbrahimovun qeyd edilən təşkilatların digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq verdiyi tapşırıqlar əsasında əvvəlcədən vəd edilmiş əmlakı alıcıya vermək niyyəti olmadan tikintisi aparılan binalarda qeyri-yaşayış sahələrinin satılması görüntüsünü yaratmaq məqsədi ilə yalan vəd verərək saxta sənədlərin tərtib edilməsi yolu ilə ayrı-ayrı vaxtlarda vətəndaşdan ümumilikdə 1 milyon 735 min manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf etməsinə, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Sahib İbrahimovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə fərdi sahibkar kimi tikinti işlərinin aparılması üçün xərclərin ödənilməsi adı ilə kommersiya bankından 300 min manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında, 17 aprel 2021-ci il tarixdə Sahib İbrahimova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, sonuncu istintaq orqanının çağırışlarına gəlmədiyindən və müxtəlif üsullarla ibtidai istintaqın normal gedişinə mane olduğundan məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Sahib İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun və iş adamı İbrahim Nehrəmlinin qardaşıdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?