Yuxarı Qarabağ ərazisində atəşkəsin pozulması halları getdikcə intensivləşir. Bu gün yenidən Şuşa şəhəri ətrafında olan hərbi mövqelərimiz atəşə tutulub. Bu onun göstəricisidir ki, Xankəndidə yerləşən Rusiya hərbi kontingenti atəşkəsə nail olmaq barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmir və ya bunu istəmir. Türkiyə-Rusiya Müşahidə Missiyası isə tamamilə fəaliyyətsizdir. Təəssüf ki, 10 noyabr razılaşmasından sonra ardıcıl olaraq ifadə etdiyimiz narahatlıqlar doğrulur. İndi hər kəsə aydındır ki, üçtərəfli razılaşmanın Azərbaycana aid əsas müddəaları yerinə yetirilmir. Azərbaycan ərazisindən erməni silahlı birləşmələri çıxarılmayıb. Azərbaycan öz dövlət sərhədinin və ərazisinin bir hissəsinə nəzarət edə bilmir. Sülhməramlı qüvvələrin nəzarəti altında olan ərazilərə yalnız erməni millətinə mənsub olan sakinlər qaytarılır. Davamlı atəşkəsə nail olunmayıb. Zəngəzur dəhlizi açılmayıb. Türkiyə Cümhuriyyətinin nizamlanma prosesində iştirakı sıfırlanıb... Problemin mövcudluğunu inkar etmək, görməzdən gəlmək, problemdən gizlənmək, problemin həlli yolu deyil. Qələbə eyforiyasından ayılıb mövcud vəziyyətin ümummili səviyyədə müzakirə edilməsi, verdiyimiz təkliflər də nəzərə alınmaqla yeni milli hədəflərin müəyyən edilməsi, bütün fəaliyyətin bu hədəflər uğrunda mübarizəyə yönəldilməsinin zamanı çoxdan çatıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?