"Bəli, tam olmasa da, hissəvi məhdudiyyətlər gözlənilir. Amma ən vacib məsələ peyvəndlənmədir. Çünki ölən şəxslərin demək olar ki, heç biri peyvənd olunmayıb".
Bunu lent.az-a açıqlamasında 38 saylı şəhər poliklinikasının həkim-infeksionisti Nigar Əliyeva bildirib.
Həkim son günlər Azərbaycanda yoluxma və bununla bağlı ölüm hallarının artması məsələsinə aydınlıq gətirib:
"2 həftə əvvəl Azərbaycanda gündəlik yoluxma 272 idisə, bu gün 1101 nəfərdir. Payıza doğru rəqəmlərin bir qədər də artması gözlənilir. Karantin rejiminin yumşaldılması və qadağaların götürülməsi, açıq havada maska rejiminin ləğvi, restoran və ticarət obyektlərinin, metronun açılışı, şənlik mərasimlərinə icazə, tətil mövsümü və xaricə gediş-gəlişin artması virusun daha geniş yayılmasına və yoluxma sayının kəskin artması səbəblərindəndir. Elə toy yoxdur ki, bir müddət sonra iştirakçıların müəyyən bir qismi virusa yoluxmasın. Hərçənd deyirik ki, sertifikatı olmayanlar toya buraxılmamalıdır. Amma çox təəssüf ki, qaydalara tam əməl olunmur".
Nigar Əliyeva onu da qeyd edib ki, vəziyyəti bu həddə çatdıran insanların məsuliyyətsizliyi, etinasızlığıdır:
"Vətəndaşlarda arxayınlıq yaranması, gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməməsi, gündəlik həyatda bu qaydaların pozulması hallarının artmasını müşahidə edirik. Xəstəxanalara müraciət edənlər kimi, ağır vəziyyətdə reanimasiyaya düşənlərin, habelə ölüm hallarının sayında ciddi artım olması var. Həm də nəzərə almalıyıq ki,delta ştam daha yoluxucudur. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, mövcud vəziyyətlə əlaqədar vətəndaşların vaksinasiya prosesinə daha fəal cəlb olunmalı, qapalı məkanlarda maskadan istifadə edilməli, ara məsafənin saxlanmalı, gigiyenik qaydalara riayət daha da güclənməlidir".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?