Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərovun cinayət işi üzrə zərərçəkən Akif Qurbanov baş prokuror Kamran Əliyevə müraciət edib və təqsirləndirilən şəxslərin hələ də himayə edilməsindən şikayətlənib.
Müraciətdə bildirilir ki, Mövlam Şixəliyev MTN-də rəhbər vəzifədə işlədiyi 10 il ərzində başına topladığı mütəşəkkil cinayətkar quldur dəstənin üzvləri ilə birgə mütəmadi olaraq vətəndaşlarının başına olmazın müsibətlər açıblar: “Vəzifədə xidmət edərkən quldurluq, hədə-qorxu gəlməklə soyğunçuluq, böyük sərvət əldə etmək məqsədilə olmazın cinayətlər törədiblər. İstintaqın qənaətinə görə, Mövlam Şıxəliyev və başına yığdığı, hazırda onunla birgə məhkəmə qarşısına çıxarılan digər quldurlar mənim kimi 36 Azərbaycan vətəndaşından hədə-qorxu və quldurluq yolu ilə 20 milyon manat alıblar. Hesab edirəm ki, istintaq obyektiv, prinsipial, düzgün aparılsaydı, bu gün zərərçəkənlərin sayı dəfələrlə artıq, 20 milyonluq zərər isə 200 milyon manatı belə aşardı.
Mənə qarşı törətdikləri cinayətlərə gəldikdə isə Mövlam Şıxəliyev, Təhsin Ağayev, Vüsal Ələkbərov və qeyrilərindən ibarət sabit cinayətkar quldur dəstənin üzvləri ilə birgə 2012-ci ildə heç bir əsas və cinayət olmadan uydurma bir istintaqa cəlb ediblər".
Zərərçəkən bildirib ki, Vüsal Ələkbərov Mövlam Şıxəliyevin göstərişi əsasında zorakılıqla, hədə-qorxu ilə onu MTN-ə aparıb, orada qanunsuz saxlayıb və dövlətə qarşı saxta cinayət törətməkdə ittiham etməklə qorxudub: “Mövlam Şıxəliyevin göstərişi əsasında Vüsal Ələkbərovun qərarı ilə ölkədən çıxışıma qanunsuz olaraq ”STOP" qoyulub. 2012-ci ilin oktyabrından başlayan hədə-qorxular təkcə mənimlə məhdudlaşmırdı, övladlarımı, ailə üzvlərimi də əhatə edirdi. Hədə-qorxular 2013-cü ilin yanvarına qədər belə davam edib. Həmin il yanvarın axırlarında Vüsal Ələkbərov çalışdığım “Briz-L” klinikasının qarşısında, çəkinmədən nəzarət-görüntü kamerasının altında, oğlumun iştirakına əhəmiyyət vermədən məndən 1 milyon manat pul aldı. Pulu alandan sonra isə məni hədələdi ki, “bu məsələni kimsə bilsə, səni və oğlanlarını dərhal həbs edəcəyik, bizdə sizlərə qarşı material hazırdır”. Məndən hədə-qorxu ilə alınan pulun yarısı “Yapı Kredit Bank”adan kredit olaraq alınıb və bu günə qədər də həmin krediti mən ödəyirəm".
Zərərçəkən bildirib ki, 2017-ci ildə keçirilən məhkəmənin hökmü ilə ona vurulmuş ziyanın əvəzi olaraq Vüsal Ələkbərovun Səbayel rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivindəki 18 sot torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin satılaraq ödənməsini qət edib: “Lakin həmin məhkəmə hökmü boş kağız üzərində qaldı. Vüsal Ələkbərova təyin olunmuş 12 illik cəza Ali Məhkəmədə ”sehirli çubuq"la 5 ilə endirildi. Onu həbsdə heç 1 il də saxlamayıb, açıb buraxdılar. Həmin hökmün mənə dəymiş ziyanın ödənilməsi hissəsi də havada qaldı. Bu günə kimi Azərbaycan Respublikası adından çıxarılan hökm icra edilməyib. Vüsal Ələkbərov hazırda dəstəbaşı Mövlam Şıxəliyevlə birgə ittiham olunur. Onu heç həbs də etməyiblər. Bakı Hərbi Məhkəməsinin qarşısında biz zərərçəkənlərə hədə-qorxu gəlir, “mənə heç kim heç nə edə bilməz” deyir və özünün cəzasız qalacagına arxayındır. Bu mütəşəkkil cinayətkar quldur dəstə bu gün də dövlətin içində olan bəzi vəzifəli şəxslər tərəfindən acıq şəkildə himayəyə götürülüb. Mövlam Şıxəliyev başda olmaqla, Vüsal Ələkbərov, Sahib Ələkbərov, Yasin Məmmədov və Təhsin Ağayev bu gün də bəzi yüksək vəzifəli şəxslərə arxalandıqlarını gizlətmirlər. Bu gedişat bizi çox ciddi şəkildə narahat edir. Hesab edirik ki, bu məsələ yüksək səviyyədə araşdırılmalıdır. Bizim bu adamların sözlərinə inanmamağımız üçün hər hansı bir əsas yoxdur. Dəymiş maddi ziyanla bağlı Vüsal Ələkbərovun evi müsadirə olunub hərraca çıxarılmışdı. Ev artıq satılırdı, xəbər gəldi ki, Prezident Administrasiyasından Ali Məhkəməyə tapşırıq verilib, hərrac dayandırılmalıdır. Belə də oldu, hərrac qanunsuz olaraq dayandırıldı və ev yenidən Vüsal Ələkbərovun ixtiyarına verildi. Təsəvvür edin ki, məhkəmədə vəkillərimiz vəsatət qaldırıb bu adamların həbsini tələb edir, prokuror isə məhkəmədə durub deyir ki, bu məsələni hakimin mülahizəsinə buraxıram. Bu adamlar daha nə etməlidirlər ki, həbs olunub ədalətli cəzalarını alsınlar?"
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev və digərilərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçən prosesdə müttəhimlər kürsüsünə Mövlam Şıxəliyevlə yanaşı MTN-in şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərov çıxarılıblar. İttihama görə, Mövlam Şixəliyev və digər 3 nəfər mütəşəkkil cinayətkar dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçirib. Mövlam Şıxəliyevə qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham irəli sürülüb. Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, ibtidai istintaq dövründə həbs olunmayıblar./“Yeni Müsavat”/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?