Son günlər müzakirə edilən Media haqqında qanunda bütün KİV nümayəndələrinin reyestrdən keçməsi, bəzi KİV-lər tərəfindən birmənalı qarşılanmır. Hər kəsin qeydiyyatdan keçməsini istəməyən qüvvələr mövcuddur. Bunun isə, müxtəlif səbəbləri var.
Gundemxeber.Az-ın məlumatına görə, bizimyol.info saytına II Zabrat sakini Gülçöhrə Cəlilova müraciət edərək, oğlunun reket jurnalistin təhdidləri ilə qarşı-qarşıya qaldığını bildirib. Qadın qeyd edib ki, bu ilin mart ayında “jurnalist” oğlunun yanına gələrək, ondan pul istəyib: “Oğlum qəbiristanlıqda həm təmizlik işlərinə baxır, həm də atasının yolunu davam etdirərək yasin səsləndirir, Quran oxuyur. Özünü Əli deyə təqdim edən şəxs, oğluma yaxınlaşaraq sənəd tələb edib. Oğlum sadə, kənd uşağıdır. Çəkinib bir az. Sonra bu şəxs bildirib ki, “Hüquq və Təhlükəsizlik” jurnalının direktorudur və Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq edir. Oğluma deyib ki, “bu saat səni həbs edəcəyəm”. Oğlum da çəkingən uşaqdır. Sonra bu jurnalist bildirib ki, Hacı Allahşükür Paşazadə ilə qohumdur. Və oğlum üçün “daşdan keçən” sənəd düzəldəcək. Oğlumdan 200 manat pul istəyib. Oğlum mənə deyəndə ətrafımdakılarla məsləhətləşdim. Düzü, heç kim məsləhət görmədi. Ancaq oğlum deyirdi ki, “ana o qədər yaxşı oğlandır ki, mənə başımın üstündə bir dayaq lazımdır, bəlkə elə bu o odur”. Nə isə, 100 manat mən özüm verdim. Sonra oğlum da ona pul verib. Sonra gətirib bizə bir kağız parçası verdi ki, sizi kim narahat etsə, mənə deyin. Kağızı kimə göstərdiksə, aldandığımızı dedilər. Və o adama bir daha pul verməməyi tövsiyə etdilər”. Bundan sonra Əli yenə qəbiristanlığa gəlib və qadının oğlundan aylıq pul tələb etməyə başlayıb. Dekabrın 11-də yenə qəbiristanlığa gəlib və yenə pul tələb edib: “Oğlum verməyib, deyib gözlə, anamı çağırım. Oğlumun əlindən telefonunu alıb, sinəsindən vuraraq mənim ünvanıma söydü. Bundan sonra qərara aldıq ki, şikayətmizi Daxili İşlər Nazirliyinə edək. Çünki həmin şəxs oğluma deyib ki, səni burda işləməyə qoymayacağam, məhv edəcəyəm. Əli, birinci dəfə nömrəsiz Niva markalı avtomobillə gəlib. Oğluma heç bir telefon nömrəsi də verməyib ki, səni özüm tapacağam. Sonuncu dəfə isə, əvvəl rəqəmi silinmiş HY 626 dövlət nömrə nişanlı qara "Cip"lə gəlib”. Şikayətçi bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət etdiyini bildirib. Onun sözlərinə görə, özünü "jurnalist" kimi təqdim edib, jurnalistləri xalqından gözündən salan, insanlardan hədə-qorxu və şantaj yolu ilə pul tələb edən şəxslərin qarşısı alınmalıdır. “Ümid edirəm ki, Daxili İşlər Nazirliyi bizim şikayətimizi müvafiq olaraq həll edəcək. Özünü jurnalist kimi təqdim edən bu dələduzu müvafiq olaraq cəzalandıracaq”. Qeyd edək ki, sosial şəbəkələrdə “Hüquq və Təhlükəsizlik” jurnalı haqqında heç bir məlumata rast gəlmədik. Məsələ ilə bağlı artıq Daxili İşlər Nazirliyinə müraciət edilib.
P.S. Cəmiyyətdə bu kimi halların qarşısının alınması üçün bütün KİV-lərin media reyestrinə düşməsi əhəmiyyətlidir. Çünki hər kəs bu reyestrə düşsə, reket jurnalistlərin və özünü jurnalist kimi təqdim edənlərin sayı azalacaq. Reket jurnalistlərin şantaj və təhdidləri ilə təkcə sıravi vətəndaşlar deyil, dövlət məmurları, hətta əməyinə sayğı göstərən jurnalistlər də qarşılaşır. Onların qarşısını hər hansı bir yolla almaq lazımdır. Mövzuya qayıdacağıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?