Milli qəhrəman Polad Həşimovun anasının ölkə gündəmini silkələyən məlum çıxışı adamı dərin-dərin düşünməyə vadar edir.
Qadın narahatdır və çıxışından bu narahatlıq üçün ciddi əsaslar hiss edilir.
Ola bilsin, o, şübhələrində yanılır. Hətta təki yanılmış olsun. Lakin bütün hallarda bizim boynumuzun borcu məsələyə aydınlıq gətirib təkcə onun yox, bütün cəmiyyətin narahatlığına son qoymaqdır.
Məsələnin aydınlığa qovuşması kimlərəsə sərf etməyə bilər. Ya bizi adam yerinə qoymurlar, ya da işləri yaşdır. Bəs sosial şəbəkə əhlinə nə gəlib ki, bu çıxışa görə səhvi şəhid anasının özündə, daha dəhşətlisi, materialı çəkib yayımlayanda axtarır. Məsələni ictimailəşdirənin cəzalanmasını tələb edənlər də var.
Niyə?
Əgər belədirsə, bizim görən gözləri tökən müstəbidlərdən nə fərqimiz oldu?
Kimsə provokasiya aparır?
Bu da ola bilər.
Lakin belə olduğu halda da biz işimizi elə tutmalıyıq ki, kimsə provokasiya apara bilməsin.
Nə qədər böyük-böyük suallar cavabsızdır, hər şey ola bilər və hər şey də olur.
Polad Həşimov niyə istefa ərizəsi yazmışdı?
Sualın ən böyüyü isə budur.
Şəxsən mən bu suala öz aləmimdə belə cavab verirəm - Tərtər hadisələrinə aparan prosesi görürmüş...
Əlbəttə, mən də yanıla bilərəm.
Lakin bu məqamda Polad Həşimovla yaxın olan şəhid polkovnik Raquf Orucovun ömrünün sonlarında dar çevrədə dostlarına dediyi bu sözləri xatırlayıram: Zülm-zillətlə qurduğumuz ordunu dağıdırlar!
Demək, proses Aprel döyüşlərindən də əvvəl gedirmiş.
Yüzlərlə adam bar-bar bağırır, konkret ad çəkərək, fakt göstərərək ciddi bir cinayətdən, hətta cinayətkar dəstədən danışır...
Bütün bunlar hamısı yalandırmı, yuxudurmu?
Elədirsə, buna necə əmin olaq?
Niyə Azərbaycanı səmimi-qəlbdən sevən insanların hər sahədə əziyyətlərlə üzləşdiyini, bəzən qurban getdiyini görürük?
İçimizdəki yaxşıların ovuna çıxan o sehrli əl kimindir?
Ordumuza, şəhidimizə, qəhrəmanımıza xələl gələcək deyə susmalıyıqmı?
Dünyada həqiqətdən üstün heç nə yoxdur.
Dostoyevski demiş, o, Rusiyadan da yuxarıdadır.
Nəyinsə xatirinə həqiqətə göz yumuruqsa və bunu hamıdan tələb ediriksə, başımız çox ağrıyacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?