GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Tərtər işi" yenidən araşdırılır: İşgəncəyə məruz qalmış hərbçilər və onların ailələri bunu 5 ildir tələb edirdilər

"Tərtər işi" yenidən araşdırılır: İşgəncəyə məruz qalmış hərbçilər və onların ailələri bunu 5 ildir tələb edirdilər

Tarix: 19-01-2022, 09:46 Bölmə :Cəmiyyət Baxış: 212

Azərbaycanın hüquq-mühafizə orqanları 2017-ci ildə Ermənistanın xeyrinə casusluqda ittiham olunan hərbçilərə işgəncə verilməsilə bağlı “Tərtər işi”nin istintaqını davam etdirir. Həm hakimiyyət strukturları, həm də hüquq müdafiəçiləri 100-dən çox insana işgəncə verildiyini bildirirlər. Rəsmilər bir, hüquq müdafiəçiləri isə 11 nəfərin öldüyünü deyirlər. Daha əvvəl bu iş üzrə bəzi icraçılar mühakimə olunub cəzalandırılsalar da, o vaxt baş verənlər ətraflı araşdırılmayıb.

“Tərtər işi” nə deməkdir?

Gundemxeber.az aztoday.az-a istinadla bildirir ki, 2017-ci ilin may ayında – Dağlıq Qarabağla bağlı münaqişənin növbəti mərhələsindən sonra Azərbaycanda hərbçiləri kütləvi şəkildə həbs edərək inşgəncələrə məruz qoyublar. Tərtər rayonunun administrativ binasında baş verən bu prosesdə hərbçilərdən Azərbaycanın əsas düşməni olan Ermənistanın xeyrinə casusluqla məşğul olmalarıyla bağlı etiraf tələb ediblər.

Hüquq müdafiəçilərinin sözlərinə görə, işgəncələr nəticəsində 11 nəfər ölüb.

Həm işgəncələrə məruz qalmış hərbçilər, həm də onların ailə üzvləri BBC-yə açıqlamalarında bildiriblər ki, o vaxt saxlananları soyundurublar, çubuqla döyüblər, dırnaqlarını çıxarıblar, yara yerlərinə elektrik cərəyanı buraxıblar, pəncərədən atıblar.

Zərər çəkənlərin sayı çoxdur, onların kimliyi bəllidir. Bu şəxslər işgəncələr haqqında detallı məlumat veriblər.

Casusluq etdiyini boynuna alan 25 nəfərə 12 ildən 20 ilədək həbs cəzası verilib. Məhkəmələr onların işgəncə altında ifadə vermələri faktını nəzərə almayıb. Öz etiraflarından başqa, cinayət işində onlara qarşı hər hansı ciddi sübut yoxdur.

Hakimiyyət işgəncə faktlarını araşdırmağa başlayıb. Məhkəmələrdə 100-də çox hərbçiyə bəraət verilib, icraçılar haqqında müxtəlif müddətli həbs qərarları çıxarılıb. Ancaq bu qərarlar nə zərərçəkənləri, nə onların ailələrini, nə də hüquq müdafiəçilərini qane edir.

Azərbaycanın Cinayət Məcəlləsində işgəncələrlə bağlı maddə olmasına baxmayaraq bu məsələdə (ümumuyyətlə, ölkə tarixində heç vaxt) həmin maddə tətbiq edilməyib. İşgəncə verənləri əsasən vəzifə səlahiyyətlərini aşmağa görə cəzalandırıblar.

İşgəncəyə məruz qalmış və hərbi xidmətdən uzaqlaşdırılmış hərbçilər əvvəlki vəzifələrinə bərpa olunmaq istəyirlər. İşgəncə altında öz əleyhinə ifadə verənlərin qohumları onların azad edilməsini tələb edirlər.

Öldürülənlərin yaxınları işgəncə verənlər haqqında yüngül hökmlər çıxarılmasına etiraz edirlər. Onlardan yalınız birinə – keçmiş mayor Fuad Ağayevə maksimum həbs cəzası (10 il) verilib.

“Tərtər işi”ndə ədalətin bərpa olunmasını gözləyənlərin hamısı hərbçilərə işgəncə verilməsini əmr edənlərin cəzalandırılmasını istəyirlər.


Hüquq müdafiəçisi Nasir Əliyev bütün bu illər ərzandə “Tərtər işi” üzrə sənədləri toplamaqla məşğul olub

İndi baş verənlər

Həm hakimiyyət, həm də hakimiyyətyönlü mətbuat bu illər ərzində “Tərtər işi” barədə susublar.

Ancaq 2021-ci ilin noyabr ayında Hərbi prokuror Xanlar Vəliyev mətbuat konfransında bu məsələ haqda danışıb.

O, hərbçilərə qarşı kütləvi işgəncə hallarının olduğunu etiraf edib, amma qeyd edib ki, bu hallar işə Hərbi Prokurorluq baxmazdan əvvəl baş verib. İşgəncələr nəticəsində yalnız bir nəfərin öldüyünü deyən Vəliyev bu hadisənin də rəhbərlik etdiyi qurum məsələdən hali olana qədər baş verdiyini bildirib.

“Cinayət işləri açılıb, gübahkarlar məhkəmə məsuliyyətinə cəlb ediliblər. Bu işlər Azərbaycanda mövcud olan bütün məhkəmə mərhələlərindən keçib. Müəyyən edilib ki, həm dövlətə xəyanətdə günahlandırılanlar, həm də qanunsuz işgəncə tətbiq edənlər haqqında çıxarılmış hökmlər əsaslıdır,” – Vəliyev belə deyib.

O, iş üzrə 102-103 zərərçəkən olduğunu bildirib.

Prokuror həmçinin qeyd edib ki, “erməni xislətli şəxslər” bilərəkdən “Tərtər işi”ni şişirdirlər və “tamamilə əsassız şəkildə bu məsələni gündəmə gətirməyə çalışırlar”.

2021-ci ilin dekabr ayında isə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti gözlənilmədən “Tərtər işi” barədə birgə bəyanat yayıblar. Bəyanatda qeyd olunub ki, kütləvi işgəncə hallarıyla bağlı yeni ibtidai istintaq başlanıb və Baş prokurorun birinci müavini Elçin Məmmədov bu işi “xüsusi nəzarətə” götürəcək.

Hərbi prokurorun Azərbaycanın İctimai Televiziyasının sosial media səhifəsindəki müsahibəsinin altında çox sayda qəzəbli şərh var. Hərbçilərə işgəncə verməyi əmr edənlərin cəzalandırılmasını tələb edən insanlar prokurorluğun bu məsələyə belə gec reaksiya verməsini və qurbanların sayını azaltmasını tənqid edirlər.

“Xanlar Vəliyevin Tərtər faciəsi haqda açıqlaması bir daha sübut etdi ki, ölkədə etibarlı informasiya qaynağı sosial şəbəkələrdir. Şəbəkələrdə Tərtər faciəsi haqqında illərdir yazılır. Hakimiyyətin yalan və böhtan dediyi şeylər heç də yalan deyilmiş,” – bunları müxalif siyasətçi Ərəstun Oruclu öz Facebook səhifəsində yazıb.

ŞƏKLİN MƏNBƏYİ,BBC/RAVANA_OJAQVERDIYEVA Hüquq müdafiəçiləri “Tərtər işi”nin ilk qurbanlarından birinin Ruslan Ocaqverdiyev olduğunu deyirlər

Zərəçəkmişlərin qohumları nə deyir?

BBC 2019-cu ilin sonunda “Tərtər işi”ndən yazanda bir neçə zərərçəkmişin yaxınlarına müraciət etmişdi. Bunlar işgəncələr nəticəsində ölən hərbçilərin həyat yoldaşları və ehtimala görə işgəncə altında casusluğunu boynuna almış şəxslərin valideynləri idi.

Rəsmilərin bəyanatlarından sonra BBC yenidən onlarla əlaqə saxlayıb.

İşgəncə altında ölmüş zabit Ruslan Ocaqverdiyevin xanımı Rəvanə artıq prokurorluğa gedib ifadə verdiyini deyir:

“Biz istintaqa cəmi bir dəfə getmişik, hələ ki nəsə demək çətindir, sonra nələr olacağını bilmirəm”.

Dövlətə xəyanətdə ittiham olunan Natiq Quluzadənin atası Elbrus oğlunun işində hər hansı yenilik olmadığını bildirir. Onun sözlərinə görə, bu işlə məşğul olan hüquq müdafiəçisi Oqtay Gülalıyev iki il əvvəl ağır yol qəzası keçirdiyinə görə ailəyə kömək edəcək kimsə qalmayıb:

“Ona görə də burdakı məhkəmələrdən keçsək də, Avropa Məhkəməsinə düşə bilmədik, gecikdik”.

Repressiya və İşgəncələrə qarşı Komitənin üzvü Nasir Əliyev yeni istintaqa şübhəylə yanaşır. Onun oğlu Emili dövlətə xəyanət ittihamıyla 12 il azadlıqdan məhrum ediblər.

“Onlardan heç nə gözləmirəm,” – Əliyev belə deyir.

O, əvvəlki istintaqın qənaətbəxş olmadığını bildirir:

“Yeni istintaqla da prokurorluq məşğul olacaqsa, obyektivlik sual altındadır”.

Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, yeni istintaq və prokurorun çıxışı işə ədalətlə baxılacağına ümid yaradır

Yeni istintaqdan nə gözləməli?

Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, yeni istintaq və prokurorun çıxışı işə ədalətlə baxılacağına ümid yaradır:

“İstintaqın nəylə nəticələnəcəyini deyə bilmərəm. Şəxsi mövqeyim bundan ibarətdir ki, bu, vətəndaşların, zərərçəkmişlərin və onların qohumlarının narazılığına səbəb olmuş məqamları yenidən araşdırmaq üçün unikal və gözlənilməz bir fürsətdir”.

Onun sözlərinə görə, bunun üçün işgəncə verilənlərin, o cümlədən, öldürülənlərin və casusluğunu işgəncə altında etiraf edənlərin hamısı zərərçəkmiş kimi tanınmalıdır:

“Bundan başqa, zərəçəkmişlərə kompensasiya verilməli və onlar əvvəlki işlərinə bərpa olunmalıdırlar. Ancaq prosesin nə ilə nəticələnəcəyi hələlik aydın deyil, çünki istintaq yeni başlayıb. Bizim edə biləcəyimiz tək şey gözləmək və sonra da nəticələrə qiymət verməkdir”.

Hətta Hərbi prokuror da işgəncələrin kütləvi olduğunu etiraf edibsə, bu, ifadələrdən başqa heç bir sübuta əsaslanmayan dövlətə xəyanət ittihamlarına yenidən baxmaq şansı yaradır – Cəfərov belə düşünür.

Baş Prokurorluq və İnsan Hüquqları üzrə Müvəkkilin ofisi BBC-nin suallarına cavab verməyib.

Milli Məclisin İnsan haqları komitəsinin rəhbəri, deputat Zahid Oruc BBC-yə açıqlamasında təklif edib ki, “Tərtər işi”nə baxılması üçün müstəqil ekspertlərdən və “bəzi cinayətlərdə ittiham olunmuş şəxslərin qohumlarından və rəsmi nümayəndələrindən” ibarət komissiya yaradılsın.

Zahid Oruc dövlətə xəyanətdə ittiham olunanların “güclü təzyiq nəticəsində özlərinə böhtan atmalarını” istisna etməyib.

Bu, nə üçün vacibdir?

Hüquq müdafiəçiləri Azərbaycanda həm istintaq zamanı, həm də həbsxanalarda insanlara mütəmadi şəkildə işgəncə verildiyini çoxdan deyirlər. Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması Komitəsinin nümayəndələri 2004-cü ildə bu yana Azərbaycana 6 dəfə səfər ediblər.

2018-ci ildə Komitə belə qənaətə gəlib ki, “polis, digər hüquq-mühafizə orqanları və ordu tərəfindən tətbiq edilən işgəncənin və pis rəftarın digər formaları… sistematik xarakter daşıyır, geniş yayılıb və qarşısı alınmır”.

Rəsul Cəfərovun sözlərinə görə, nəticəsindən asılı olmayaraq işə yenidən baxılması zərərçəkmişlərin yaxınlarına Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət üçün əlavə şans verəcək.

“Nə üçün “Tərtər işi” hamının diqqətini cəlb etdi? Çünki onlar işgəncələr haqqında danışmağa başladılar. Alçaq səslə və evfemizmlərlə, “fiziki zorlama üsullarından istifadə olundu” desələr belə – danışmağa başladılar!” – Azərbaycan İnsan Hüquqları Mərkəzinin rəhbəri Eldar Zeynalov belə deyir.

Onun sözlərinə görə, əvvəllər insanlar şikayət etməkdən, sənədləri ötürməkdən qorxurdular, indi isə buna hazırdırlar – “artıq psixoloji maneə yoxdur”.

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Tərtər işi” üzrə həbs edilmiş hərbi qulluqçuların ailə üzvləri piket keçirib

    “Tərtər işi” üzrə həbs edilmiş hərbi ...

    6-09-2019, 15:47

  • 
  • “Tərtər işi” üzrə mühakimə edilənlərin ailə üzvləri aksiya keçirib

    “Tərtər işi” üzrə mühakimə edilənlərin ailə ...

    14-11-2019, 19:15

  • 
  • "Tərtər işi"nin fiqurantlarının ailə üzvlərinin aksiyası

    "Tərtər işi"nin fiqurantlarının ailə ...

    3-12-2019, 15:44

  • 
  • İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı: “Tərtər işi” üzrə 11 ölüm və digər insan hüquqları pozuntusu

    İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı: “Tərtər ...

    13-04-2021, 22:11

  • 
  • XİN: Yerli və beynəlxalq jurnalistlər Ermənistanın hücumuna məruz qalıb

    XİN: Yerli və beynəlxalq jurnalistlər ...

    2-10-2020, 12:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu