Əbülfəz Qarayevin dövründə Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə növbəti məhkəmə iclası baş tutub.
Gundemxeber.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən sonuncu məhkəmə prosesində hökm oxunub.
Hökmdən əvvəl Zakir Sultanov məhkəmədən yüngül cəza verilməsini xahiş edib.
Məhkəmədə məlum olub ki, Mədəniyyət Nazirliyi Zakir Sultanovu bağışlayıb, zərər ödənilib.
Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Z.Sultanov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Onun bankda olan 600 min nağd pulu, müxtəlif sikkələr, dəyərli əşyaları üzərində həbs qərarı saxlanılıb.
Mədəniyyət Nazirliyinin mülki iddiası məhkəmə tərəfindən təmin edilib.
Xatırladaq ki, prokuror Z.Sultanovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Daha əvvəlki prosesdə Mədəniyyət Nazirliyinin nümayəndəsi təqsirləndirilən şəxsə qarşı əlavə olaraq 5 milyon 327 min 900 manat dəyərində mülki iddia qaldırmışdı.
Rəsmi məlumata görə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlu Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə suçlanır.
Zakir Sultanovun xidməti və yaşadığı ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
Qeyd edək ki, Zakir Sultanov ittihamda göstərilən 6 milyon manata yaxın zərəri ödəyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?