Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Nəcməddin Sadıkovun qəzaya düşmə xəbəri gündəmin ən çox müzakirə edilən mövzusu oldu.
Sosial şəbəkələrdə gedən müzakirələrdə diqqət çəkən əsas məqamlardan biri də generalın idarə etdiyi “Toyota Land Cruiser" markalı avtomobilin nömrəsi idi. Belə ki, əksər sosial şəbəkə istifadəçiləri hazırda işsiz olan Sadıkovun “90 AS 020” seriyasına necə sahib olması barədə suallar ünvanlayırlar. Bildirilir ki, adətən belə avtomobil nömrələri vəzifəli şəxslərə və iş adamlarına məxsus olur. Nəcməddin Sadıkov “90 AS 020” nömrəsini necə əldə edib? Bununla bağlı Modern.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, “90 AS 020” seriyalı nömrə maşının xidməti olmasına dəlalət etmir: “Bəlkə də, minlərlə hüquqi şəxs AA seriyalı maşına sahibdir. Bu nömrələr sadəcə hüquqi şəxslərə verilir. Ola bilsin ki, Nəcməddin Sadıkov da yaxşı vaxtlarında özünə hardasa bir şirkət yaradıb və o nömrəni də şirkət adına alıb”. Ekspertin sözlərinə görə, belə nömrələrə sahib olan insanlar çoxluq təşkil edir: “Mən belə halları dəfələrlə, görmüşəm. Məsələn, Ziya Məmmədov və başqaları vəzifədən gediblər, ancaq öz xidməti nömrələrinə oxşar nömrələrdən istifadə edirlər. İndi o maşının nömrəsini yoxlasaq, yəqin ki, qeydiyyatda hansısa MMC-nin adına çıxacaq. Çünki həmin nömrələr Baş Dövlət Yol Polisi İdarəsində yalnız hüquqi şəxslərə verilir. O da yəqin, nə vaxtsa, şirkət və ya müəssisə açıb, nömrəni alaraq qeydiyyata salıb. İndi həmin nömrədən istifadə edir. Nömrənin “A” ilə başlaması maşının dövlət və xidməti maşın olmasına dəlalət etmir. Onun xidməti maşının nömrəsi “MN” ilə idi. İndiki nömrə adi seriyadır. İstənilən hüquqi şəxs yol polisinə müraciət edib “AA” və “AS” nömrələri ala bilər”, - deyə ekspert vurğulayıb.
Sorğu
Yeni dizaynımız necədir?