Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin məhkəməsi davam etdirilib.
Bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxıb edib.
Dövlət ittihamçısı çıxışında İşxan Sarqsyanın 20 il, Vladimir Rafaelyanın isə 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin prokuror çıxışında təqsirləndirilən şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmələrini tələb edib. Dövlət ittihamçısı çıxışında qeyd edib ki, təqsirləndirilən şəxslər cəzaların çəkəndən sonra Azərbaycan hüdudlarından çıxarılmalıdırlar.
Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyiblər.
Proses martın 7-nə qədər təxirə salınıb.
Qeyd edək ki, ittihama görə, Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri Sarqsyan İşxan Aşoti və mühəndis istehkamçı qismində hərbi xidmət keçən Rafaelyan Vladimir Otari 27 may 2021-ci il tarixdə saat 03 radələrində Azərbaycan Respublikasının dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçib, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunmuş bölmələrinin və digər təyinatlı məntəqələrin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarında minalanma işlərini həyata keçirib.
Qeyd olunan şəxslərin həmin cinayət əməllərini törətmələri müəyyən edilərək cinayət başında yaxalanıb, Azərbaycan ərazisinə keçirilməsini təşkil etdikləri "TM 62-M” və "E-00-M” tipli ümumilikdə 23 ədəd mina aşkar edilərək götürülüb.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228-ci ( qanunsuz silah əldə etmə), 318-ci (qanunsuz ölkə sərhədini keçmə), 282-ci (təxribat törətmə) maddələri ilə ittiham elan edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?