Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycandan Ermənistana bir səhifəlik, beş bəndlik təklif
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ötən gün Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq diplomatiya forumunda çıxışı zamanı bildirib ki, rəsmi Bakı münasibətlərin normallaşması üçün Ermənistana beş bənddən ibarət təklif göndərib. Gundemxeber.az virtualaz.org-a istinadla xəbər verir ki, Bayramov həmin təkliflərin cəmi bir səhifədən ibarət olduğunu da deyib.
Nazir deyib ki, 2020-ci ilin payızındakı 44 günlük müharibədən və Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsindən sonra Bakı münasibətlərin normallaşması, yekun sülhün əldə edilməsi üçün birmənalı mesajlar verib. “Mesajlar bundan ibarət idi: işğal amili artıq aradan qalxdı. Bu vəziyyətdə Azərbaycan keçmişin bütün çətinliklərinə və problemlərinə baxmayaraq Ermənistanla normal münasibətlər qurmağa tərəfdardır”, - o deyib.
Ceyhun Bayramov prezident İlham Əliyevin də dəfələrlə Ermənistanla Azərbaycan arasında sülh razılaşmasının imzalanmasına hazır olduğunu bəyan etdiyini xatırladıb. Lakin nazir deyib ki, bir ilə yaxındır Ermənistan Azərbaycanın sülh çağırışlarına cavab verməyib.
“Azərbaycan tərəfi xoş niyyətini göstərmək üçün bu yaxınlarda Ermənistana yeni təkliflər təqdim etdi. Təklif Ermənistanın hazırda özünü sülh anlaşması üzərində çalışmağa hazır olmadığını düşünürsə, sülhü və atəşkəsi də əhatə edən əhatəli sənədin hazırlanmasına əsas ola bilər”, - o deyib.
C.Bayramov təklifin bu yaxınlarda göndərildiyini qeyd edib. Nazir əlavə edib ki, sənəd bir səhifədən ibarətdir:“Əsas prinsiplər müəyyənləşdirildi və bu prinsiplər təklif edildi. Ermənistan tərəfi münasibətlərin normallaşmasını istəyirsə, bu təklifə tezliklə münasibət bildirməlidir. Qeyd etməliyəm ki, bu sənəddəki prinsiplərin hamısı beynəlxalq münasibətlərə dair prinsiplərdir. Orada qeyri-adi nə isə yoxdur”.
Nazir Azərbaycanın dəfələrlə vurğuladığı iki ölkə arasında sərhədlərin müəyyən edilməsi məsələsinin də bu təkliflər sırasında olduğunu deyib. C.Bayramov əlavə edib ki, Azərbaycan bu məsələlərin həllini təklif edib, lakin Ermənistan hər zaman ilkin şərtlər irəli sürüb.
Azərbaycan XİN rəhbəri təxminən bir il əvvəl Ermənistana edilən təklifin cavabsız qaldığını xatırladıb: “Ermənistan tərəfinin bu ikinci təklifə verdiyi cavaba baxaraq, yaxın vaxtlarda nə qədər səmimi olduqlarını görəcəyik və sonrakı addımlarımızı buna uyğun atacağıq”.
Qeyd edək ki, Azərbaycanın bundan əvvəl Ermənistan qarşısında irəli sürdüyü şərtlərə əsasən Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımalı, o cümlədən hazırda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə dair hər hansı iddiasından əl çəkməli, şərtlər irəli sürmədən sərhədlərin delimitasiyasına və demarkasiyasına dair danışıqlara başlamalı, o cümlədən yekun sülh razılaşması üzərində müzakirələrə başlamalı idi. Lakin Ermənistan bu təkliflərə müsbət cavab verməyib və müxtəlif manevrlər etməklə yekun sülhdən yayınmağa çalışıb.
İndi isə son günlər Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdə fəaliyyət göstərən erməni silahlılarının yenidən fəallaşması müşahidə olunur və Azərbaycanın bu ərazilərdə antiterror əməliyyatları keçirməyə hazır olduğuna dair məlumatlar, çağırışlar səslənir.
Ötən gün xarici işlər nazirinin müavini Xələf Xələfov da Bakıda jurnalistlərə açıqlamasında belə əməliyyatların aparıla biləcəyini anons edib.
"Münaqişə başa çatıb, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Orada atəşkəsin pozulması halları olur. Amma təbii ki, bütün bu hallar sülhün möhkəmlənməsinə xidmət etmir və düşünürəm ki, bunlar aradan qaldırılmalıdır". Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib.
Nazir müavini bildirib ki, sülhməramlılar da öz vəzifələrini, öhdəliklərini tam başa düşürlər.
“Qarabağda olan qanunsuz erməni hərbi birləşmələri birmənalı olaraq çıxarılmalıdır və bu istiqamətdə proses gedəcək. Həmçinin, sülhə mane olan bütün hallar aradan qaldırılmalıdır. Atəşkəsin pozulmasına da son qoyulmalıdır”, - deyə X.Xələfov qeyd edib.
31-08-2020, 21:26
28-09-2020, 12:39
11-08-2020, 10:41
28-09-2020, 11:32
16-07-2020, 16:06
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?