Gundemxeber.az » Ölkə » Cəmiyyət » Məhkəmə “Müsəlman Birliyi” Hərəkatının üzvünü həbsdə saxlayıb
Dünən, martın 14-də Bakı Apellyasiya Məhkəməsi Nərimanov rayon Məhkəməsinin “Müsəlman Birliyi” Hərəkatının üzvü Elşən Abbasov barəsində həbs qətimkam tədbiri barədə qərarından verilən şikayəti təmin etməyib. Nərimanov rayon Məhkəməsi hakim Gültəkin Əsədovun sədrliyi ilə martın 5-də Abbasov barəsində 4 ay həbs qətimkam tədbiri seçib.
Abbasov Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) ittiham olunur.
Vəkil Nemət Kərimli bildirib ki, bugünkü məhkəmədə Abbasov ittihamı qəbul etmədiyini deyib.
“Elşən Abbasov məhkəmədə dedi ki, onu Bərdə şəhərində avtomobillə gedərkən saxlayıblar. Qarşısına ağır şərtlər qoyublar ki, narkotik ittihamını qəbul etsin. O, məhkəmədə özünü təqsirli bilmədiyini və narkotikin ona aid olmadığını dedi. Müdafiə tərəfi olaraq Abbasovun ifadəsinin dəyişdirilməsi barədə vəsatət verəcəm. Abbasov dedi ki, ağır şərtlər daxilində narkotik ittihamını qəbul edib,“ vəkil qeyd edib.
Vəkil bildirib ki, bu, onun üçüncü həbsidir.
“Abbasov dini baxışlarına görə həbs edilir,” o qeyd edib.
Elşən Abbasov məhkəmədə bildirib ki, o, martın 3-də mülki geyimli şəxslər tərəfindən saxlanılaraq əvvəlcə Bərdə rayon Polis Şöbəsinə, oradan isə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.
Vətəndaş cəmiyyəti fəallarının sözlərinə görə, Abbasov bundan öncə dindarların hüquqlarını müdafiə etdiyinə görə iki dəfə mühakimə olunub. Belə ki, 2012-ci ilin oktyabrında məktəblərdə hicab qadağasına etiraz aksiyasında iştirak etdiyinə görə bir il müddətinə həbs edilib.
2017-ci ildə Abbasov qanunsuz narkotik maddə və silah saxlamaqla bağlı ittihamla həbs olunub və 2,5 il müddətinə azadlıqdan məhrum edilib.
Vətəndaş fəalları bildirir ki, əksinə, Abbasov gənclər arasında narkotik vasitələrin yayılmasına qarşı maarifləndirmə işi aparır, Quran kursları təşkil edir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şərh almaq mümkün olmayıb. Bununla yanaşı, Daxili İşlər Nazirliynin mətbuat xidməti bir qayda olaraq insanların etdikləri cinayət əməlinə görə saxlanıldığını bildirir. Təqsirləndirilən şəxslərin ittihamı qəbul etməməsi ilə bağlı bəyanatlarına gəlincə, mətbuat xidməti bunun özünümüdafiə məqsədi daşıdığını bildirir.
Gundemxeber.Az
15-10-2018, 16:39
18-02-2018, 22:28
9-03-2021, 13:53
6-03-2020, 13:09
14-05-2018, 10:50
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?