Xəbər verildiyi kimi, daha bir gənc ana doğuşdan sonra dünyasını dəyişib. Hadisə ötən gün günorta saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasında baş verib.
26 yaşlı Rəna Ramazanova uşaq dünyaya gətirmək üçün martın 18-də sözügedən xəstəxananın Doğum şöbəsinə müaciət edib. Hamiləni müayinə edən həkim-ginekoloq Rəna Sultanova qadına bir gün sonra qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirmək lazım olduğunu bildirib. Əməliyyatdan sonra Rənanın qız uşağı dünyaya gəlib. Rəna Eyvazova ölümündən bir neçə saat əvvəl əri ilə telefonla danışıb. Hansı ki, ölümündən sonra həmin səsyazı ailəsi tərəfindən ictimailəşib. Səsyazıdan məlum olur ki, qadın şiddətli ağrılar keçirərək can verib. Elə səsyazıda da qadın ərinə dözülməz ağrılar keçirdiyini, ona tez-tez ağrıkəsici iynələrin vurulduğunu, hətta doğum şöbəsində ona baxacaq həkimin olmadığını dilə gətirir. Olayın təfərrüatlarını öyrənmək üçün Zaqatala Rayon Mərkəzi Xətəxanası ilə əlaqə yaratdıq. Qeydiyyatçı xanım hazırda xəstəxananın baş həkiminin, müavinlərinin və doğuşu həyata keçirən Rəna Sultanovanın işdə olmadığını bildirdi. Həmçinin bizi Doğum şöbəsinə yönəltdi. Şöbənin həkimi Mehriban xanım isə mətbuatdan olduğumuzu bilər-bilməz, “məlumat verə bilmərəm” deyib, əlaqəni yarımçıq kəsdi. Daha sonra hadisədə adı keçən genekoloq Rəna Sultanova ilə bağlı bir qədər araşdırma apardıq. Məlum oldu ki, “qəhrəman”ımızın adı əvvəlllər də bir çox qalmaqallarda hallanıb. Qeyd edək ki, Rəna Sultanova Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Döğum şöbəsinin müdiri olmaqla bərabər, həm də AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri və professordur. Əvvəlcə onu deyək ki, Zaqatala rayonu Mərkəzi Xəstəxanası korrupsiyanın qol-qanad açdığı tibb müəssisələrindən biri olaraq qələmə verilir. Dəfələrlə xəstəxana neqativ hərəkətləri ilə gündəmə gəlib. Xəstəxananın Doğum şöbəsində isə əsl bazar qanunları hökm sürür. Hansı ki, bu qanunları elə Doğum şöbəsinin müdiri Rəna Sultanovanın icra etdiyi deyilir. İnternet üzərindən apardığımız araşdırmalarda maraqlı bir fakta rast gəldik. Belə ki 3 il əvvəl Rəna Sultanovanın əmri ilə Xəstəxananın Doğum Şöbəsinin giriş hissəsində hamilə qadınlar üçün elan yerləşdirilib. Həmin elanda doğum şöbəsinə üz tutan xəstələrə müəyyən dərman və tibbi ləvəzımatlarının özləri ilə gətirməyin vacib olduğu bildirilirdi. Məsələ ictimailəşəndən sonra sözügedən elan divardan götürülüb. Amma nə səhiyyə qurumlarımız, nə də hüquq-mühafizə orqanlarımız tərəfindən Rəna Sultanova barədə tədbir görülüb. Uzun illərdir ki, Doğum şöbəsini öz qanunları ilə idarə edən Rəna Sultanovaya hələ də “gözün üstə qaşın var” deyən yoxdur. Qeyd edək ki, ilkin müayinəyə əsasən ananın ölümünə səbəb tromboemboliya olduğu bildirilir. Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə sorğu ilə də müraciət etmişik. Araşdırmamız davam edir./Bizim.Media/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?