Qusar rayonunda 1984-cü il təvəllüdlü Tərlan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Məmmədə xəsarət yetirib. Gundemxeber.az demokrat.az-a istinadən xəbər verir ki, hadisə 7 noyabr 2021-ci ildə, saat 19 radələrində Qusar rayonu Aşağı Ləyər kəndində baş verib.
Tərlan küçədə sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Məmmədi ağac parçası ilə başından vuraraq, ona xəsarət yetirib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tərlan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, noyabrın 7-də, saat 19 radələrində yaşadığı kənddə keçirilən toydan çıxıb və evə qayıdarkən yaşadığı evə 100 metr qalmış qardaşı Tərzanla həmkəndlisi Məmmədin bir yerdə spirtli içki qəbul etdiyini görüb: “Onlara yaxınlaşdım və qardaşımın Məmmədlə spirtli içki qəbul etdiyinə görə irad bildirdim, ona evə getməsini dedim. Özü də oradan evə tərəf getdim”. Tərlan deyib ki, Məmməd onun bu hərəkətindən əsəbləşib və onun dalınca söyüş söyə-söyə gəlib: “Həmin vaxt Məmmədin məni bıçaqla vuracağını zənn etdim. Yerdən ağac parçasını götürdüm. Məmməd mənə yaxınlaşan kimi əlimdə olan ağac parçası ilə onun başından bir dəfə vurdum. Sonra evə getdim. Baş vermiş hadisə barədə atama dedim”. Tərlanın sözlərinə görə, daha sonra Məmməd ondan polisə şikayət edib və o, təhqiqata cəlb olunub. Qeyd edib ki, törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirir. O, zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin olmadığını deyib. Quba rayon Məhkəməsinin hökmü ilə Tərlanın barəsində ittihamedici hökm çıxarılmayıb. Məhkəmə onun zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb. Bu səbəbdən Tərlanın barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Sorğu
Yeni dizaynımız necədir?