Bu gün Cumhuriyyət dövrümüzün görkəmli araşdırmaçısı, professor Ədalət Tahirzadənin doğum günüdür. O, Qəbələ rayonunun Xırxatala kəndində anadan olub.
1985-87 -ci illərdə Azərbaycan Elmlər Akademiyasının "Elm" qəzetinin ilk redaktoru, "Azadlıq" qəzetinin isə qurucularındandır. Görkəmli jurnalist və ictimai xadim mərhum Nəcəf bəy Nəcəfovun (1955-1999) baş redaktor olduğu bu qəzetdə ilk saydan – 1989-cu ilin 24 dekabrından 1991-ci ilin iyulunadək redaktor müavini vəzifəsində çalışıb. Həmçinin 1992-ci ilin sentyabrından 1993-cü ilin noyabrınadək Azərbaycan Respublikası xalq təhsili nazirinin, ali və orta ixtisas təhsili nazirinin və təhsil nazirinin müavini işləyib. Yazılarından Elçibəy qoxusu gələn Ədələt Tahirzadə həmçinin Elçibəy hakimiyyəti dövrünün fəal ədəbi iştirakçısı, Bakıya dönəndən sonra 1998-ci ilin fevralından 2000-ci ilin mayınadək dövründə isə özəl katibi olub. Və hətda qeyd edim ki, Ədalət Tahirzadə Elçibəylə bağlı yeddi kitabın müəllifidir!!
Kitablarını və yazılarını sevə sevə oxuyuram və oxuyuruq. Mənə hədiyyə etdiyi "Meydan -4 il 4 ay"kitabı isə stolüstü kitablarımdan biridir. Bu kitabda Azərbaycanda 1988-ci ilin 19 fevralından 1992-ci ilin 16 iyununadək baş vermiş irili-xırdalı bütün önəmli hadisələr (ermənilərlə Qarabağ uğründa savaş, Qorbaçovun Qarabağı ermənilərə vermək üçün siyasi oyunları, Azərbaycan Xalq Cəbhəsinin yaranması və xalqa rəhbərliyi, respublika başçılarının qorxaqlığı, yaltaqlığı və fərsizliyi, hakimiyyət davaları, xalqımızın azadlıq və müstəqillik uğrunda ölüm-dirim mübarizəsi, 20 Yanvar, Xocalı soyqırımı, Moskvanın Qarabağı Azərbaycan tabeliyindən necə çıxarması…) öz əksini tapıb. Müəllif həmin hadisələrin şəxsən iştirakçısı olub, onları anındaca yazaraq qeydə alıb və 1997-ci ildə həmin gündəlik-qeydlərini kitab şəklində nəşr etdirib.
...Ədalət bəy ədalətsiz dünyada haqq-ədalət axtaran tarixçilərimizdən, aydınlarımızdan biridir. Bu işdə ona uğurlar arzulayır və bütün xoş arzularına qoşuluruq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?