İkinci Qarabağ savaşından 2 ilə yaxın zaman keçməsinə baxmayaraq, 44 günlük savaşda qazi olan minlərlə insan hələ də əlilliklərini ala bilmir.
Hər dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi NAzirliyinin qarşısına toplaşan qaziləri aşağı səviyyəli məmurlar yola verməklə məşğuldur.
Artıq bu süründürməçiliyə etiraz edən bir qrup qazi bu gün nazirliyin bağlı qapılarını sındıraraq, içəriyə daxil olub. Narazı vətəndaşlar Sahil Babayevlə görüş tələb etsələr də buna nail ola bilməyiblər.
Qazilər əlillik təyinatının olmaması, əksər hallarda imtina cavabı almaları, əyani müayinənin aparılmamasından, komissiyaya gec çağırılmalarından şikayətçidirlər.
Bu arada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olayla bağlı açıqlama yayıb.
Məlumata görə, Vətən müharibəsi iştirakçılarının müraciətlərinə daim xüsusi qayğı və həssaslıqla yanaşılır.Qeyd olunub ki, bu gün nazirliyə müraciət edən bir qrup müharibə iştirakçısını qurumun rəhbər vəzifəli şəxsləri diqqətlə dinləyib: “Onların müraciətləri əlilliyin qiymətləndirilməsi məsələləri ilə bağlı olub. Hər bir müraciət qeydiyyata alınıb və araşdırılaraq nəticəsinə uyğun tədbirlər görüləcək. Qəbul zamanı bildirilib ki, Vətən müharibəsində yaralanmış və müalicə müddəti bitmiş hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi üçün aidiyyəti qurumlarla birgə işlər davam etdirilir. Həmin hərbçilərdən artıq 3 mininə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və müvafiq sosial ödənişlər təyin edilib.
Təqdim edilən göndəriş və şəhadətnamədə əksini tapan diaqnoz, eləcə də hazırkı sağlamlıq vəziyyəti əlillik təyinatına əsas yaradan hər bir şəxsə müvafiq əlillik dərəcəsi təyin edilir. Gələnlərin bir çoxunun da əlilliyi daha öncədən təyin edilib.
Nazirliyin açıqlamasında qeyd olunur ki, müraciət edən müharibə iştirakçılarından bəziləri qəbul şöbəsində təhdidedici hərəkətlər edərək, buradakı kompüter avadanlıqlarını, giriş qapısını, turniketi sındırıb, dövlət əmlakına ziyan vurublar. Bununla əlaqədar da, tədbirlər görüləcək. Gün ərzində əlavə məlumat veriləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?