Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Nizami rayonunda ana və iki azyaşlı övladını qətlə yetirməkdə ittiham olunan Əhəd Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra Əhəd Əliyevin vəkili Aysu Abdulqadir işə yeni qatıldığı üçün cinayət işi ilə tanış olması məqsədilə məhkəmədən vaxt istəyib.
Növbəti proses iyulun 21-ə təyin edilib.
Zərərçəkmiş şəxsin hüquqi varisi prosesin təxirə salınmasına etiraz edib. Hakim izah edib ki, müdafiə hüququnun qurulması üçün tərəflərə bütün şərait yaradılır, buna etiraz etməyə heç kimin hüququ yoxdur.
İttihama görə, bu ilin fevralın 20-də Nizami rayonu ərazisində kirayədə yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladı qəsdən öldürülüb.
Aparılmış istintaqla, zərərçəkmişlərin qohumu 1981-ci il il təvəllüdlü Əhəd Əliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla Gülnar Qaraxanova və iki azyaşlı övladına xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Əhəd Əliyev Cinayət Məcəlləsinin 120.2.4, (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.7, (iki və ya daha çox şəxsi öldürmə) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Əhəd Əliyev qətlə yetirilən Gülnar Qaraxanovanın bacısının əri olub.
Qətlə yetirilən Gülnar Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb.
Əhəd Əliyev 2007-2014-cü illərdə Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru vəzifəsində çalışıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?