Vəkil Osman Kazımov cümə günü Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında iyulun 20-də 30 gün müddətinə həbs edilmiş Müsavat Partiyasının fəalı Əziz Məmiyevlə görüşüb.
Kazımovun Turan Agentliyinə verdiyi məlumata görə, fəal saxlanıldığı vaxt və polis bölməsinə gətirilərkən fiziki təzyiqlə üzləşdiyini bildirib: "Sağ tərəfində, bud nayihəsində xəsarət izi var. Maşından düşürülərkən döyüldüyünü, bölmə rəisinin müdaxiləsindən sonra ondan əl çəkdiklərini bildirir. Səhhəti normaldır, saxlanma şəraitindən şikayəti yoxdur", deyə vəkil bildirib.
O, məhkəmə qərarından apellyasiya şikayəti veriləcəyini qeyd edib.
DİN-in mətbuat xidməti Məmiyevə polis əməkdaşları tərəfindən fiziki təzyiq göstərilməsi haqqında iddiaları təkzib edib.
Məmiyev iyulun 20-də quru sərhədlərin açılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanılıb. O, məhkəmənin qərarı ilə polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 gün müddətinə həbs edilib.
Sorğu
Yeni dizaynımız necədir?