İyulun 28-də siyasi fəal Ruslan İzzətli Baş Prokurorluğa çağırılaraq hərbçilərin problemləri ilə bağlı yazdığına görə xəbərdarlıq edilib.
Ruslan İzzətli Amerikanın Səsinə bildirib ki, Baş Prokurorluğa çağırılmasının əsas səbəbi kimi iyunun 26-da Facebook səhifəsində hərbçilər və müharibə iştirakçılarının problemləri haqda yazdığı status göstərilib. O şifahi xəbərdarlıq edilib.
İzzətlinin fikrincə, Baş Brokurorluğun xəbərdarlığı ifadə azadlığını pozur.
“Baş Prokurorluq bu xəbərdarlıqlarla sanki ölkədə senzuranı bərpa edir. Bu birbaşa siyasi təzyiqdir” - o, Amerikanın Səsinə bildirib.
Bununla yanaşı, Baş Prokurorluq Ruslan İzzətliyə xəbərdarlıq edilməsi barədə məlumat yaymayıb.
Baş Prokurorluq iyulun 27-də də sosial şəbəkələrdə orduda baş verən hadisələrlə bağlı paylaşım edən bir sıra şəxslərə xəbərdarlıq edib.
Hərbi bloger kimi tanınan Tofiq Şahmuradov isə ordu ilə bağlı yazılarına görə inzibati qaydada bir ay müddətinə həbs olunub.
Ruslan İzzətli “D18” Hərəkatı təsis edib və onun rəhbəri olub. Hərəkat 2013-cü ildə yaradılıb. Təşkilatın məramı Azərbaycanda Demokratik Cümhuriyyətin ideyalarının müdafiəsidir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?