Dünya bir enerji blokunun dairəvi və səmavi forması kimi, gücləri, ömürləri idarə edir, nəsə başlayır, bitir, yəni çevrə qapanır və yenisi ilə əvəzlənir. Dağıntılar, müharibələr, beyin, idrak döyüşləri, dinlər, cənnət və cəhənnəm illüziyaları, siyasi didişmələr, azadlığı boğmaq, sonra azadlıq istəkləri bu xaotik enerji sisteminin daxilindəki nizama tabedir...
Əbülfəz Elçibəy məhz belə bir dünyanın adamı idi. Yəni o, 80 ilin, 100 ilin, 500 ilin adamı deyildi. Çünki çevrə qapananda doğulmuşdu, yəni başlanğıcdan gəlirdi. Külli-aləmin əbədi və əzəli dayanacağı və bəlkə də atom sürəti ilə hərəkət edəcəyi yer də oradır: başlanğıc!
Əbülfəz Elçibəyin mövcudluğu sükut və qaranlıq idi. Əslində, sükut və qaranlıq öz içinə enməkdir. Bu qaranlıq hamının düşündüyü qaranlıq deyil, bizim cənnətimizə uyğun gələn dünyəvi bir sistemdir. Elçibəy bu qaranlıqda eqonu öldürüb öz nurunu yaradırdı. Saf qaranlıq günəşdən işıqlıdır. Əbülfəz Elçibəy belə doğulurdu və enerji xətti onu daha böyük bir istiqamətə yönəldirdi. Ta əvvəllər İsa, Məhəmməd və bütün peyğəmbərlər, şeyxlər, övliyalar da belə idi. Necə ki, İsa Məsih doğuldu, sonda onun bəlkə də özü yox, yaratdığı səltənət çarmıxa çəkildi.
Əbülfəz Elçbiəyin yaranışı, mövcudluğu, tamlığı fəlsəfənin, daha doğrusu, sözün təzahürü idi. Sadəcə, dərk edə bilmədiyimizdən onun daha möhtəşəm səltənətini qatlayıb qoyduq kənara, daha asan qavranılsın deyə Elçibəyin arzuya, istəyə çevrilməsini istədik, əllərimizi toxundurmaq üçün onu maddi bir varlıq kimi təsəvvür etdik. Elçibəyin ruh səltənətini dərk edə bilməməyimizdən, "bu, bizlik deyil, buna nə hacət" deyərək, əsas məsələni birdəfəlik unutduq. Bununla da ruhun enerji qanadının bir hissəsini kəsdik. Əbülfəz Elçibəyin ruh səltənətini, insanın dərk etmə və aydınlaşma anını Nemət Pənahlının mikrofon vasitəsilə gücləndirilən iqtisadi, sosial, siyasi və məhəlli nitqləri ilə əvəzlədik və elə bildik ki, bizə göndərilən Elçibəy budur. Dünya enerjisindən qopan Əbülfəz Elçibəyin ruhuna yüklənmiş səltənəti çıxararaq, danışa, anlaşıla bilmək üçün hələ aydınlanmamış bir Elçibəy yaratdıq ki, onunla söhbət edə bilək, hakimiyyətə gələk, yol çəkək, Qarabağı azad edək, lazım gələndə isə başını götürüb getsin. Halbuki, bizim bütün qələbələrimizin ritmi, ahəngi dərk etməyə gücümüz çatmayan Elçibəyin səltənəti idi. Biz onu dərk edə bilməzdik. Məşhur bir söz var: “İnsan bilmədiyinin düşmənidir” . Silah bizə o zaman lazım olur ki, artıq o, yaddan çıxıb evdə qalıb. Biz Elçibəyin fəlsəfəsini istəmədik, siyasətini istədik. Qaliley də, İsa Məsih də, Neru da, Nazim Hikmət də, Bruno da, Nəsimi də fəlsəfi səltənətlərinə görə ya çarmıxa çəkiliblər, ya da həbsxana divarlarında, daxillərindəki saf qaranlığa enərək aydınlanıb haqqa qovuşublar.
Elçibəyin fəlsəfəsi Qarabağı azad edə bilərdi, amma yenə deyirəm, biz o fəlsəfəni qəbul etməkdən yüz ağac uzaq idik. Elçibəy ruh halı ilə aydınlaşmışdı. Amma biz aydınlaşa bilmirdik, çünki bu aydınlanma adamın hissi halında baş verir. Mitinqlərdə çıxış edən, Marqaret Tetçer, Turqut Özal, Süleyman Dəmirəl, Yeltsin, lap elə Rahim Qazıyevlə söhbət edən bizim yaratdığımız Əbülfəz Elçbəy idi. Allahın, böyük enerjinin göndərdiyi Elçibəy deyildi. Vallah, deyildi. Dedim axı, onun fəlsəfəsini biz özümüzdən, labirint cəmiyyətdən kənardan saxlamışdıq. O, aydınlaşmışdı, biz yox! Biz özümüzə oxşayan adam gəzirdik. Hərdən aydınlanan və İsa Məsih kimi ruh səltənəti ilə mövcud ərşə dayanan Əbülfəz Elçibəyi Sürət Hüseynov, Rahim Qazıyevlə üz-üzə qoyuram və çox acıyıram, elə bilirəm, böyük bir ruh texniki vasitələrlə üz-üzə qalır, dəli olmaq dərəcəsinə gəlirəm, başımı divara vurmaq istəyirəm, ürəyimi çəkib qulağımın içərisindən çıxarmaq istəyirəm.
Mənim üçün iki Əbülfəz Elçibəy var: biri göyün yeddinci qatında öz fəlsəfi səltənəti ilə mövcud olan Elçibəy, biri də o böyük sistemdən ayırdığımız, Ramiz Rövşən, Rüstəm Behrudi ilə dost olan, vəzifə, iş, kömək istədiyimiz Elçibəy! Sadəcə, padşahın yoldan keçərkən bir hazırcavaba bir kisə qızıl bağışlamaq sevdası hələ də təfəkkürümüzdə qaldığından, birinci Elçibəyi yerə enməyə qoymadıq. Halbuki, birinci Elçibəyin fəlsəfə sistemi bütün problemlərin həllinə, eqonun məhvinə yönəlmişdi. Biz həmişə fəlsəfədən qaçmışıq və arzuya tez çatmaq istəyi hamımızı xırda hadisələrə uğradır və nəticədə dünya ədəbi müstəvisinə, dünya siyasi müstəvisinə, yəni birinci Elçibəyin dayandığı yerə çıxa bilmirik. Məhz bu mənada birinci Elçibəy dünyanın, ikinci Elçibəy isə Azərbaycanın, Bakının, Naxçıvanın, lap elə Kələkinin idi.
Məzmunca Şərq, formaca Qərb olmaq istəyən ikinci Əbülfəz Elçibəyin dövlətçilik strategiyası əslində, düz olsa da region, siyasi iqlim, mühit buna hazır deyildi. Qədim Şərq adət-ənənələri, qısqanclıq və qisasçılıq kimi məhəlli düşüncələr hakimiyyət dəyişmək, “padşah”ı yıxmaq ideyalarını irəli çəkdiyi bir vaxtda ikinci Əbülfəz Elçibəy siyasi azadlığın, azad seçkinin, insan kapitalının yaradılması və qorunmasının həm tərəfdarı və bəlkə də ölkəmizdə ilk yaradıcısı idi. Şərq ənənələri ilə Qərb yeniliyi birinci Əbülfəz Elçibəyin siyasi mübarizəsində döyüşürdü. Birinci Əbülfəz Elçibəy Qərblə Şərqin qovuşduğu, birləşdiyi nöqtə olsa da və ikinci Əbülfəz Elçibəy bunu dəqiq bilsə də, hələlik bu ideyanı mövcud coğrafi məkanda, sosial, dini, siyasi ərazidə reallaşdırmaq çətin idi. Alınmırdı... Çünki ikinci Elçibəyin zamanında insan kapitalı yox idi, hər şey dağılmışdı. Bu kapital əvvəlcədən yaranmış olsaydı, Elçibəy ona söykənə bilərdi. Hər şeyi o özü yaratmalı idi. Özü də necə bir şəraitdə: bir tərəfdən amansız və ayrılması mümkün olmayan Şərq ənənəsi, o biri tərəfdən də hələ kapital ola bilməyən, uçurmağa, dağıtmağa, meydanlarda dar ağacı qurmağa meylli və həvəsli kütlə.
İkinci Elçibəyin başında dolanan buludlar Qərblə Şərqin davası idi, Elçibəy hər ikisindən yaxşı cəhətləri seçib öz siyasi üslubuna çevirmək istəyəndə kənarda qalan “qalıqlar” yırtıcıya çevrilirdi. Şərq və Qərb toqquşması əslində, çox asanlıqla həll olunan məsələ idi, ikinci Elçibəy dəqiq bilirdi ki, bu problem birinci Elçibəyin əlində su içimi kimi bir şeydir. Çünki birinci Elçibəy bir sistem idi, ikinci Elçibəysə yox. Birinci Elçibəyin yanında Şərq və Qərb barışırdı. Çünki sistemin tələbi budur. İkinci Elçibəyin yanında isə Şərq və Qərb boğuşurdu. Biz birinci Əbülfəz Elçibəyi özümüzdən uzaq saxlasaq da, ikincidə yuxarının, yəni birincinin əli vardı.
İkinci Əbülfəz Elçibəyin Azərbaycana siyasi doğuluşu zamanı dünyanın yenidən bölüşdürülməsi, SSRİ-nin çökməsi və qalıqlarının altında qalan xalqların fəryadı, milli azadlıq hərəkatının güclənməsi, siyasi hərəkata Şərq və Qərb müdaxiləsi və s. kimi isterik çılğınlıqlar başladı. Şərq sürrealizmi və qərb modernizmi bizimlə bərabər milli hərəkata qoşuldu. Biz şəhidləri ağlayırdıq, düşmənin layiqli cəzasını vermək istəyirdik, bu, Şərqin üslubu idi. Ancaq biz həm də şəhidlərin qanının üstündə parlament, azad seçki, siyasi azadlıq, insan və elm kapitalı qurmaq istəyirdik. Bu isə Qərb yolu idi. Hərəkatın içində belə bir qarşıdurma və üzdə tam həmrəylik olsa da, çətinliklə sezilən kimlərinsə əli ilə hərəkata soxuşdurulan bir ayrı-seçkilik mövcud idi.
İkinci Elçibəy xalqın içində qıvrılan enerjini dərk eləyirdi və bu xaotik enerjiyə başqa istiqamətlərdən müdaxilə edən enerjini də aydın görürdü. Padşahdan ənam gözləyənlər isə həmişəki kimi yollarda hazır dayanmışdılar. 70 il SSRİ-nin işğalı altında yaşayan xalq boyundurqdan xilas olan kimi sakit dayana bilməzdi. İlkin çaşqınlıq və ya güclü sevinc hissi bilməyərəkdən və ya başqa bir barmağın diktəsi ilə fəsadlar törədirdi. Xalq onu idarə etməyə güclü siyasi əl gəzirdi. Elə güclü əllər vardı ki, onlar da idarə etməyə xalq axtarırdı. Bu uyğunsuzluq xeyli zaman insanları çaşdırdı.
İkinci Elçibəyin əsas missiyası xalqın içindəki enerjisini birinci Elçibəyin enerjisinə qoşmaq idi. Ancaq reallıq ikinci Elçibəyin arzusuna mane olurdu. Əsas problem də elə bunda idi. Füzuli məşhur bir qəzəlində dediyi kimi:
Füzuli, dəhrdən kam almaq olmaz olmadan giryan,
Sədəf su almayınca əbri-neysandan gövhər verməz.
İkinci Əbülfəz Elçibəy bu beytin həqiqətindən gəlirdi. Xalqın içindəki azadlıq enerjisi Şərqlə Qərbin barışmasından, sufilik həqiqətinin ali məqama çatmasından sonra ilahi həzzə çevrilə bilərdi. Necə ki, sədəf Novruz bayramından 40 gün sonra yağan əbri-neysandan su almalıydı, bunun üçün o, dənizin üzünə çıxmalı və əbri-neysandan bir damcı ilə mayalanmalıydı və sonra gövhər verməliydi. Bununla da təbiət öz ilahi həzzinə, bütöv və tamlığına qovuşmalıydı.
İkinci Əbülfəz Elçibəy birinci Elçibəyin təkidi, istəyi və böyük sözün, simvolun, daha doğrusu, böyük Füzulinin dərki ilə bu gücü nizamlayır, sədəfin abi-neysandan su alıb gövhər verməyi istiqamətinə yönəldirdi. Əsas məsələ böyük sözə və sistemə “Eyha” vermək idi. Yəni azadlığa, milli dərkə, elmə, idraka “Eyha” ver ki, sədəf gövhəri daha yaxşı cilalasın və onun dünya nizamına, Allahın yazdığı xəttə sala bilsin. “Ver sözə eyha ki...” başlanğıcı birinci Elçibəyin, əslində isə sistemin - idrakın ikinci Elçibəyə, türk dünyasına, bütövlükdə Allahın yaratdıqlarına göndərilmiş möhtəşəm əmrdir. Bu əmrlə hərəkət başlayırdı. Təkcə insanın hərəkəti yox, bütün yaradılmışların, tozun, ağacın, planetlərin, göz yaşlarının, vüsal və ayrılıqların hərəkəti, tərpənişi nizamlanırdı. Və 90-cı illərin əvvəllərində Azərbaycan öz nizamsızlığı ilə bu nizamın içində idi.
Məhəmməd Hadi "Yoxdur millətimin imzası imzalər içində" deyirdi. İndi dünya meridianlarında bizim də dövlətin imzası oldu. Birinci Elçibəy bu uğura çox sevinirdi. Çünki artıq onun sisteminin arzularından biri həyata keçmişdi. Birinci Elçibəyin təkidi ilə ikinci Elçibəy ümumxalq birliyinə, ölkənin gələcək insan kapitalının, milli burjuaziyanın inkişafına inanırdı və bütün bacarığını bu istiqamətə yönəldirdi. Birinci Elçibəy yaxşı bilirdi ki, Azərbaycanın yeraltı, yerüstü, maddi, mənəvi və mədəni sərvətləri dünya iqtisadiyyatı və mədəniyyəti ilə əlaqəyə girəndə “Ver sözə eyha ki...” müraciətinin hökmü öz reallığını tapacaq və sədəf əbi-neysandan gövhər alacaqdı.
İkinci Əbülfəz Elçibəy, həm birinci Elçibəy, Məhəmməd Əmin Rəsulzadə, Səttar Xan, Şeyx Xiyabani, Seyid Cəfər Pişəvəri bütövlükdə Azərbaycanın tarixi, mədəni, iqtisadi, ədəbi-bədii formaları ilə bir əlaqə, qovşaq və enerjilərin birləşməsi anı idi. Bu an “Ver sözə eyha ki...” nidasından başladı, Azərbaycanın müstəqilliyini bərpa etdi, üçrəngli bayrağımızı dünya salonlarında dalğalandırdı, rus qoşunlarının ölkəmizdən çıxarılmasına nail oldu, Azərbaycan qapılarını dünyaya açdı, iqtisadi əlaqələrini qurdu, xarici ölkələrin iş adamlarını ölkəmizə dəvət etdi, böyük reformalar, kontraktlar imzalandı, daxili sabitlik təmin edildi, ölkəmizə güclü sərmayələr yatırıldı.
İkinci Elçibəy demokratik prezident kimi bütün dünyanın maraq dairəsində idi. Onun azad insan modeli, türkləşmək, müasirləşmək və islamlaşmaq ideyaları xarici ölkələrin, xüsusən, Avropanın diqqət mərkəzindən yayınmırdı. Test üsulunun tətbiqi, milli ordunun yaradılması, özəlləşdirmə, azad söz, siyasi, iqtisadi azadlıq, tələbələrimizin xaricdə təhsil alması, qloballaşmaq və milliləşmək - bütün bu məsələlər insan kapitalının yaranmasının ilk təzahürü və milli burjuaziyanın formalaşmasının ilk addımları idi. İkinci Elçibəy bütöv Azərbaycan ideyasını gündəmə gətirməklə Azərbaycanın bütün insanlarını birləşdirə bildi. Müstəqilliyimiz uğrunda canlarını qurban verən şəhidlərimizin adlarını əbədiləşdirdi və onların ailələrini dövlət qayğısına aldı. Və daha nələr, nələr, nələr olacaqdı...
Amma sən demə, yurdumuzun qara günləri hələ qabaqdaymış. Sən demə, daxilimizdə düşmən barmağı hələ də işləyirmiş . Tarlamızı yenicə suvarmışdıq ki, Gəncədə dövlət çevrilişinə cəhd oldu. İkinci Elçibəy birinci Elçibəyin təkidi ilə qan tökmədi, eləcə çıxıb getdi. Sonra birinci Elçibəy ikinci Elçibəyi öz yanına apardı, ona gördüyü işlərə görə "Çox sağ ol" dedi və dərin bir nəfəs alıb söylədi: “Darıxma, bu dəfə özüm yerə enəcəyəm!”
Sorğu
Yeni dizaynımız necədir?