Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks Kəşfiyyat İdarəsinin keçmiş rəisi, general Nizami Şirinovun, habelə bu nazirliyin şöbə rəisləri Elcan Abdullayev, Elman Tahirov və əməliyyat müvəkkili Nadir Nəzirovun cinayət işi üzrə proses başa çatmaq üzrədir.
Sentyabrın 28-də keçirilən iclasda prokuror məhkəmədən Şirinovu 12 il, Abdullayevi və Nəzirovu 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum etməyi istəyib. Tahirov barəsində cinayət işinin müddəti başa çatdığına görə icraata xitam verilməsi təklif olunub. Dövlət ittihamçısı Abdullayevi və Nəzirovu məhkəmə zalında həbs etməyi təklif edib. Eyni zamanda, Şirinovun hərbi general rütbəsindən məhrum edilməsi və əmlakının müsadirə edilməsi haqqında təqdimat göndərmək təklif olunub.
Şirinov ötən ilin aprelində hədələmə, cinayət yolu ilə əldə edilmiş pul və əmlakı leqallaşdırma, ağırlaşdırılmış hallarda rüşvət alma ittihamları ilə həbs edilib.
Abdullayev, Tahirov və Nəzirov 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui istifadə) maddə ilə ittiham olunub. Onlardan başqa yerə getməmək haqqında iltizam alınıb.
Milli Təhlükəsizlik Nazirliyi 2015-ci ildə ləğv edilib, amma adı çəkilən şəxslər 2021-ci ilin aprelində məsuliyyətə cəlb edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?