Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Rövşən Məmmədovun noyabrın 11-də etiraz aksiyasında saxlanıldıqdan sonra polis bölməsində işgəncəyə məruz qaldığı deyilir.
GundemXeber.Az bildirir ki, bu barədə AXCP-dən məlumat verilib.
Partiyadan verilən məlumata görə, Məmmədov aldığı xəsarətdən sonra səhhətində problemlər yaşanıb.
Öz növbəsində, Məmmədovun vəkili Nemət Kərimlinin sözlərinə görə, o, hadisə ilə bağlı prokurorluğa şikayət verib.
Vəkil deyir ki, Məmmədova İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisə tabe olmama) maddələri ilə ittiham irəli sürülüb və 30 günlük həbs cəzası verilib.
Nemət Kərimli Rövşən Məmmədovun polis maşınının şüşələrini sındırması ilə bağlı ittihamın əsassız olduğunu qeyd edib.
Onun sözlərinə görə, jurnalistlərin çəkdiyi video görüntülərdən də Məmmədovun polis maşınının şüşəsini sındırmadığı görünür.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə bu məlumatı təkzib edib. O, "Turan"a bildirib ki, R.Məmmədovun iddiaları əsassızdır.
"Onun səsləndirdiyi iddialar müəyyən siyasi məqsədlərə hesablanan fikirlərdir ki, bu, həqiqətlə üst-üstə düşmür. Hər bir halda həmin şəxs "Təhlükəsiz Şəhər" kameraları, jurnalistlərin gözü qarşısında saxlanıb və aidiyyəti üzrə polis bölməsinə gətirilərək barəsində qanuna müvafiq tədbirlərin görülməsi təmin edilib. Onun bölmədə hər hansı formada təzyiqə məruz qalması ilə bağlı iddialar heç bir fakta əsaslanmır", Elşad Hacıyev bildirib.
Xatırladaq ki, noyabrın 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyası sərbəst toplaşmaq azadlığı, quru sərhədlərinin açılması, siyasi məhbusların azad edilməsi, azad seçkilərin və demokratik islahatların keçirilməsi tələbilə Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya təşkil edib. Partiyanın məlumatına görə, ümumilikdə 235 nəfər aksiya iştirakçısı saxlanılıb.
Daxili İşlər Nazirliyi yalnız bir nəfərin saxlanıldığını, qalanların "ərazidən uzaqlaşdırıldığını" bildirib.
Sorğu
Yeni dizaynımız necədir?