Fevralın 15-də axşam saatlarında Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə, tək ürək” adı altında Kahramanmaraş zəlzələsindən zərər çəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirəcək. Yardım kampaniyası eyni vaxtda canlı yayımlanacaq.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Yerli medianın məlumatına görə, yardım kampaniyası yerli vaxtla saat 20-də başlayacaq, yığılan vəsait AFAD-ın və Türkiyə “Qızıl ay” cəmiyyətinin hesabına köçürüləcək.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı fevralın 14-də keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycandan zəlzələ bölgəsinə 5 624 çadır çatdırılıb.
“Bunların bir qismi 30 nəfərlik çadırlardır. Bundan başqa, 401 ton tibbi ləvazimat, 1200-dən çox genarator, 6240 ədəd qızıdırıcı, 737 ton qida məhsulları göndərilib. Bu gün hər bir corab, papaq da önəmlidir”.
Cahit Bağçı yardım etmək istəyənlərə müraciət edərək artıq geyim əşyaları göndərməmələrini xahiş edib.
“Çünki çox sayda geyim yığılıb və hazırda onların paylanılmasına başlanılıb. Yardım etmək istəyənlər daha çox çadır və generatorlar göndərə bilərlər”, o qeyd edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?