”Qıy vaar” platforması LGBTQI+ fəalı və jurnalist Əvəz Hafizlinin qətlinin ildönümü ilə bağlı onun xatirəsini əbədiləşdirmək məqsədilə çəkilmiş "Kuir Tale: Əvəz Hafizli" filmini nümayiş etdirib.
Miray Dənizin rejissoru olduğu filmdə dostları Əvəz Hafizli ilə bağlı xatirələrini, onun qətlə yetirilməsi və ondan sonrakı hadisələr haqqında danışırlar.
Jurnalist Fatimə Mövlamlının sözlərinə görə, o, Əvəz Hafizlinin qətlinə kədərlənməyə fürsət tapmayıb, çünki onun gizlin dəfn edilməsinin qarşısını almaqla məşğul olub.
"Bütün gecə boyu mən kədərlənməyə vaxt tapmadım, mən yox, eləcə də yanımdakı bütün dostlar. Biz sadəcə düşünürdük ki, dostumuzu gizlin dəfn etməsinlər. Səhər cənazə maşını tərpənəndə biz sevinirdik ki, dostumuza ehtiram göstərməyə vadar oldular. Artıq Əvəzi qəbrə endirəndə mən başa düşdüm ki, Əvəz ölüb," o bildirib.
Əvəz Hafizlinin dostu və jurnalist Nurlan Qəhrəmanlı bildirib ki, ailəsi onun məzarına qəbirdaşı qoydurmaq niyyətində deyil, amma bu, Əvəzin dostları üçün başqa məna daşıyır.
"Əvəzin qəbirdaşı təkcə dini bir ritual deyil, yaxud cəmiyyətin bir ənənəsi deyil. Əvəzin qəbirdaşı həm də Azərbaycanın kuir tarixinin yaddaşının bir parçasıdır. Hətta çəkilən bu film belə kuir yaddaşı təmsil edir" - deyə, Qəhrəmanlı bildirib.
Əvəz Hafizli 22 fevral 2022-ci ildə qətlə yetirilib. Qətli Əvəz Hafizlinin cinsi oriyentasiyasına görə törətdiyini etiraf edən əmisi oğlu Əmrulla Güləliyev qəsdən adam öldürmə maddəsi ilə 9 il 6 ay müddətində həbs edilib. Fəallar məhkəmənin çıxardığı həbs müddətinin azlığından narazı qalaraq, dövlətin nifrət zəminində cinayətlərə zəmin yaratdığını bildiriblər.
ILGA-Europe-un son açıqlamasına görə Azərbaycan LGBTQI+ hüquqları sahəsində 49 ölkə arasında sonuncu yerdədir. Ölkədə LGBTQI+ vətəndaşların hüquqlarının kütləvi şəkildə pozulduğu, onların ayrıseçkiliyə məruz qaldığı bildirilib.
Azərbaycanda hakimiyyət təmsilçiləri isə vətəndaşların təməl hüquq və azadlıqlarının tam təmin olunduğunu deyirlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?