Martın 15-də axşam saatlarında hüquq müdafiəçisi Rüfət Səfərova hücumda şübhəli bilinən şəxs saxlanılıb. Fəal polisin hərəkətlərindən razıdır və hücumu öz hüquq-müdafiə fəaliyyətilə əlaqələndirmir.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, 1961-ci ildə anadan olan Məmmədxan Nəcəfov şübhəli şəxs qismində saxlanılıb, araşdırma davam edir.
Səfərov Amerikanın Səsinə deyib ki, gecə saat 3.30-da onun şikayəti əsasında Bakının Binəqədi rayon Polis İdarəsinin və bu idarəinin 5-ci Polis Bölməsinin rəhbər heyəti bir neçə əməkdaşla birlikdə hadisə yerinə gəlib. Onlar hadisənin baş verdiyi yerdə və mağazanın qarşısında yerləşən müşahidə kameralarındakı görüntülərə baxıblar.
"Səhər bildirdilər ki, mənə hücum edən şəxs müəyyən edilib və saxlanılıb", hüquq müdafiəçisi deyib.
Saxlanılan şəxs öz hərəkətlərini onunla izah edib ki, həmin əraziyə hansısa Qarabağ müharibəsi veteranı tərəfindən "təyin edilib" ki, avtomobillərin park edilməsinə görə ödəniş toplasın.
Səfərov hesab edir ki, polisin fəal araşdırma aparıb həmin şəxsi tez bir zamanda saxlaması göstərir ki, hücum planlaşdırılmayıb və siyasi motivli deyil.
"Hüquq müdafiəçisi kimi mən vətəndaşların hüquqlarının pozulmasına görə hüquq-mühafizə orqanlarının işini tənqid edirəm, amma indiki halda polisə iradım yoxdur", Səfərov deyib.
"Vətəndaşların hüquqlarını müdafiə edən şəxs kimi hücum edənin cəzalandırılmasını istəməzdim. Odur ki, onu cəzalandırmamağı xahiş etdim. Lakin polis saxlanmanı və prosessual hərəkətləri protokollaşdırıb", Səfərov qeyd edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?