Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Silahlı Qüvvələri Şuşa rayonundakı "təmas xəttini keçərək Sarıbaba dağının şimal-şərqində bir yüksəkliyi ələ keçirib".
Rusiya bunu 2020-ci il 9 noyabr tarixində imzalanan üçtərəfli bəyannamənin "1-ci bəndinin pozulması" kimi qiymətləndirib.
Rusiya Müdafiə Nazirliyinin açıqlaması ilə bağlı Azərbaycan tərəfi hələlik hər hansı mövqe bildirməyib.
Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi Azərbaycanın ələ keçirdiyi yüksəklikdə mühəndis istehkam postu qurmağa başladığını bildirib.
"Azərbaycan tərəfinin diqqətinə üçtərəfli bəyannamənin şərtlərinin yerinə yetirilməsi, eləcə də mühəndis işlərinin dayandırılması və silahlı qüvvələrini əvvəlki mövqeyə qaytarılması tələbi çatdırılıb", - Rusiyanın rəsmi qurumunun açıqlamasında qeyd olunub.
Azərbaycanın Müdafiə Nazirliyi martın 25-də yaydığı bəyanatda Laçın yolunun şimalındakı torpaq yollarda Azərbaycan Ordusunun bölmələri tərəfindən “lokal zəruri nəzarət tədbirlərinin” həyata keçirildiyini bildirib.
Nazirlik buna səbəb kimi son günlər Ermənistandan Azərbaycan ərazisindəki “qeyri-qanuni erməni silahlı dəstələri” üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının “intensivləşməsini” göstərib.
Dövlət qurumu bu daşımaların xüsusilə gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə həyata keçirildiyini bildirib.
“Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməmişdir. Yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib”, - nazirliyin bəyanatında qeyd olunub.
Lakin nazirlik nəzarət tədbirlərinin nədən ibarət olduğunu açıqlamayıb.
Bundan əlavə, qurum bəzi dağlıq və torpaq ərazilərdə “qeyri-qanuni erməni silahlı dəstələri” tərəfindən yeni yolların çəkilməsi və köhnə cığırların genişləndirilməsi üzrə də işlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Bu məqsədlə, hərbi, mühəndis və xüsusi texnikadan, habelə işçi qüvvəsi kimi müqaviləli əsasda hərbi xidmətə cəlb olunmuş şəxslər və yerli sakinlərdən istifadə olunur, Azərbaycan MN bildirib.
Separatçı Dağlıq Qarabağın Məlumat Mərkəzi də Azərbaycan ordusunun “atəşkəs bəyannaməsini pozaraq cəbhə xəttini” keçdiyini bildirib.
Bununla bağlı bölgədəki Rusiya sülhməramlı qüvvələrin məlumatlandırıldığını deyən mərkəz Azərbaycan tərəfinin həmin yolla hərbi vasitələrin daşınması iddialarını təkzib edib.
“Dekabrın 12-dən etibarən başlayan blokadadan sonra bu yol Xankəndi ilə Şuşa bölgəsində olan dörd məntəqə arasında mülki və təcili kommunikasiya əlaqələrini qurmaq məqsədi ilə istifadə olunur”, - Məlumat Mərkəzinin yaydığı bəyanatda qeyd edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?