Martın 30-da Qaradağ Rayon Məhkəməsində Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Salyan şöbəsinin sədri Zamin Salayevin ev dustaqlığına buraxılması üçün verilmiş vəsatətə baxılıb.
Hakim vəsatəti təmin etməyib, AXCP üzvü həbsdə saxlanılıb.
Zamin Salayev şərlənərək həbs edildiyini bildirir və məhkəmənin həbs qərarına etiraz olaraq 52 gündür aclıq edir. Vəkil Nemət Kərimlinin sözlərinə görə, Zamin Salayev ağır vəziyyətdə olmasına baxmayaraq, məhkəməyə gətirilib.
Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa, fəalı 5 ilədək həbs gözləyir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinə bildirib ki, Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.
Zamin Salayev məhkəmədə deyib ki, ona qarşı irəli sürülən ittiham yalandır, onu şərləyiblər.
Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?