“AXCP fəalı Mirfeyzullah Seyidov mayın 22-də axşam saatlarında ev dustaqlığına buraxılıb. O hazırda evindədir”. Bu barədə vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, bu gün Nərimanov Rayon Məhkəməsi müdafiə tərəfinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatətini təmin edib.
“İctimai dəstəyə görə hüquq müdafiə təşkilatlarına, mediaya, bütün insanlara təşəkkürümü bildirirəm. Bizim müraciətə müsbət cavab verildiyinə görə baş prokurora təşəkkür edirəm”, vəkil qeyd edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Mirfeyzullah Seyidov mayın 9-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik maddə satışı) maddəsi ilə ittiham irəli sürülüb.
Mayın 10-da Nərimanov Rayon Məhkəməsi Seyidov barəsində həbs qətimkan tədbiri seçib.
Seyidov ittihamı qəbul etmir. AXCP fəalın həbsini siyasi sifariş sayır.
Mayın 21-də Bakı Apellyasiya Məhkəməsi Seyidov barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişməmişdi.
Seyidov xroniki böyrək xəstəsi-1-ci qrup əlildir. O həftədə üç dəfə əvəzedici böyrək müaciləsi-hemodializ alır. Bundan başqa şəkərli diabet, diabetik nefropatiya, hipertoniya, anemiya xəsətiklərindən əziyyət çəkir. Bir il əvvəl ürək əməliyyatı edilərək ürəyinə iki ədəd stend qoyulub.
Vəkil Cavad Cavadov Seyidovun xəstəliyinin ağırlığı nəzərə alınaraq onun ev dustaqlığına buraxılması ilə bağlı baş prokuror Zakir Qaralova mayın 16-da müraciət ünvanlamışdı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?