Uşaq evində ərzaq çatışmazlığından şikayət etdiyi üçün Psixiatriya xəstəxanasına yerləşdirilmiş yeniyetmə Məhəmməd Hacıyevin ruhi xəstə olmadığını deyən baş həkimi rejim işdən çıxartdı.
Yadınıza salım ki,
1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov haqqını tələb edən yeniyetmənin ruhi xəstə olmadığını demişdi. Üstəlik, onu da demişdi ki, yeniyetməni uşaq evinə göndərmək istəsələr də, uşaq evinin müdiriyyəti onu qəbul etmir.
Budur, dövlət rəhbərliyi "tədbir" görüb. Təbii ki, uşaq evində ərzağın nəyə görə çatışmadığını, varlı məmləkətin uşaqlarının nəyə görə ac böyüdüyünü araşdırmayıblar. Heç haqqını tələb etdiyi üçün psixiatriya xəstəxanasına yerləşdirilmiş yeniyetməyə sahib çıxmaq da, uşaq evində bu vəziyyəti yaratmış vəzifəli şəxslərdən məsuliyyət tələb etmək də ağıllarının ucundan keçməyib. Ancaq korrupsiya piramidasının sirrini açmış uşağa canı yanmış, vicdanının dililə danışmış baş həkimi cəzalandırıb, işdən çıxarıblar.
Haqqını tələb edən kimsəsiz bir yeniyetmənin "dövlət səviyyəsində" məhv edilmə əməliyyatında iştirak etməyə vicdanı yol verməmiş
Ağahəsən həkim cəzalandırılıb.
Susqun çoxluğun xeyir - duası ilə ölkəmizdəki avtoritar rejim diktatura istiqamətinə yol alıb. 58 gündür ki, aclıq edən Əlizamin Salayev də cəmiyyətin susqun razılığı ilə hər gün ölümə daha da yaxınlaşdırılır.
Uşaq evində aclıqdan şikayət etdiyi üçün psixiatriya xəstəxanasına yerləşdirilən yeniyetmə də cəmiyyətin susqun razılığı ilə məhv edilir. Həmin yeniyetmənin ruhi xəstə olmadığını açıq - aşkar deməyə cəsarət etmiş Ağahəsən həkim də biz toplumun susqun razılığı ilə cəzalandırılır. Rejimlə, onun anti - insani mahiyyətilə məsələ aydındır. Ancaq xalq olaraq özümüz, öz məsuliyyətimiz haqqında da düşünməliyik. Biz bu gedişlə necə bir ölkədə yaşamaq istəyirik? Biz nə vaxta qədər şəxsən öz qapımızın döyülməsini gözləyəcəyik?
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?