"Tehran rejimi Azərbaycan konsulluğunun əməkdaşlarını "İsrailə casusluq” ittihamı ilə persona-non grata elan edib ölkədən çıxara bilər”.
Gundemxeber.az bildirir ki, bunu qaynarinfo-ya açıqlamasında "Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan İranın bu dəfə Azərbaycanın Təbrizdəki konsulluğunu hədəfə götürməsi fonunda onun da bağlanması ehtimalından danışarkən deyib.
"İranın bu hərəkəti Azərbaycanın Təbrizdəki konsulluğuna qarşı siyasi hücum, siyasi terrordur və ləkələməkdir. Azərbaycana gəldikdə, Təbrizdəki konsulluğu bağlamayacaq. Bunu istəyən İran tərəfidir. Tehran Təbrizdəki Azərbaycan konsulluğuna İsrail kəşfiyyatının bir qolu kimi baxır. Bütün hüquqi normaları pozaraq, Azərbaycanın diplomatik konsulluğuna qarşı şər-böhtan siyasəti həyata keçirir”, deyə Sədrəddin Soltan bildirib.
Ekspert bildirib ki, Təbrizdəki konsulluq məsələsi İranın Bakıya diplomatik təzyiq vasitəsidir:
"Bu hal İran Azərbaycan münasibətlərində gərginliyin göstəricisidir. İran hakimiyyəti İsraildə Azərbaycan səfirliyinin açılmasına etiraz edir. Bu isə əslində qeyri-ciddi məsələdir. Çünki Səudiyyə Ərəbistanı İsraillə münasibətləri normallaşdırmağa başlasa da, İran da Əl-Riyadla münasibətləri normallaşdırmaq üçün canfəşanlıq göstərir. Bu məntiqlə yanaşsaq, Azərbaycanın İsraildə səfirliyinin açılması nə dərəcədə İranın maraqlarına ziyan vurur ki?
Təbrizdəki Azərbayan konsulluğu qarşısında keçirilən mitinqə İran rejimi guya Azərbaycan vətəndaşlarından ibarət olub, İranda dövlətimizə qarşı fəaliyyət göstərən "Hüseyniyyun" adında təşklatın nümayəndələri çıxarır. Bununla Tehran demək istəyir ki, həmin aksiyanı İran vətəndaşları deyil, Azərbaycan vətəndaşları öz konsulluqları qarşısında dövlətlərinin İsraillə münasibətinə etiraz olaraq keçirirlər. Bu, İran hakimiyyətinin "İlanı seyid Əhmədin əli” ilə tutması məsələsinə bənzəyir. Guya, burada İran hakimiyyətinin özü iştirak etmir. İran Livanda "Hizbullah”, Fələstində "Həmas”, Yəməndə Hussilər vasitəsilə hər zaman bu ölkələrdəki hakimiyyətlərə təsir etməyə çalışıb. Burada da "Hüseyniyyun" kimi qondarma təşkilatla Bakıya təzyiq etməyi düşünürlər".
Ekspertə görə, yaranmış vəziyyət Bakı-Tehran münasibətlərinə ciddi təsir göstərə bilər:
"Bu da iki ölkə arasında diplomatik münasibətlər, iqtisadi, siyasi əlaqələrin kəsilməsinə səbəb ola bilər. Nəticədə Azərbaycan İrana qarşı beynəlxalq koalisiyanın aparıcı üzvlərindən birinə çevrilə bilər. Tehranın Bakıya qarşı yürütdüyü yöndəmsiz, savadsız, səriştəsiz siyasət iki qonşu ölkə arasındakı münasibətlərin tamamilə kəsilməsilə nəticələnər”.
Qeyd edək ki, Bakının İsraildə səfirlik açmasından sonra Azərbaycanın Təbrizdəki konsulluğu İran rejimi tərəfindən yenidən hədəfə götürülüb. Rəsmi Bakının bu addımına etiraz olaraq, Tehran rejimi Təbrizdəki konsulluğun qarşısında "bağlansın” tələbi ilə aksiya təşkil edib. Ekspertlərə görə, aksiyanın məqsədi "Azərbaycanı Təbrizdə də istəmirlər” görüntüsü yaratmaqdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?