Rejissor Lətif Səfərovun 1955-ci ildə lentə aldığı “Bəxtiyar” (digər adı “Sevimli mahnı”) möhtəşəm filmlərimizdən, nə qədər baxsan da, doyulması mümkün olmayan ekran əsərlərimizdəndi.
Ötən il görkəmli bəstəkarımız Tofiq Quliyevin 105 illik yubileyi münasibətiylə adı çəkilən filmimiz Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ilk dəfə səhnəyə qoyuldu. Ölməz sənətkarımız Tofiq Quliyevin musiqiləri əsasında ilk dəfə səhnəyə qoyulan "Bəxtiyar" tamaşasının baş rejissoru Cavid İmamverdiyevdi. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rəqslərin quruluşçusu Elvira Əzizova, rejissor assistenti Zaur Əliyevdi. Adı çəkilən səhnə əsəri bu il də teatrın repertuarına daxil edilib.
Ötən həftə həmin filmin tamaşasına baxmaq üçün Azərbaycan Dövlət Akademik Musiqili Teatrına baş çəkdim. Səhnə əsəri ölməz sənətkarımız Rəşid Behbudovun “Sevgi valsı” mahnısıyla başladı. Mahnını Bəxtiyar obrazını canlandıran aktyor, beynəlxalq müsabiqələr laureatı İbrahim Əlizadə ifa edirdi. Sənətkarın ifasından sonra “Badamlı” və “4 Dost” mahnılarının canlı ifası yanlız ruhumuzu oxşamadı, həmçinin seyrciləri keçmişə apararaq nostalji hislər yaşatdı. Xalq artisti İlham Namiq Kamalın canlandırdığı Ağabala rolunu ifa etməklə yanaşı, obraza yeniliklər də qatmışdı. Əsas da geyim tərzi, jestləri, diksiyası gözəgəlimliydi. Onun “mən özfəaliyyətin masteriyəm” ifadəsi, komissiya üzvünə və Bəxtiyara məddahlığı, hərəkətləri çox orijinal alınmışdı, tamaşaya ayrıca rəng qatırdı. Kontrabas ifaçısı, rəqqasların çıxışları, Hüseynova bacılarının “məharət”ləri də filmdəki qədər maraqlıydı. Hələ Ağabalanın “sizin üçünüzün də boynunuzu yerə soxum” deməsi tamaşaçıların bədahətən gülməsinə səbəb oldu. Münsiflər heyətinə kabab və meyvə dəstiylə antrakt elan olunmasına cəhd, Saşanın (bu rolu aktrisa Mehriban Zaliyeva canlandırırdı) qısqanclıqla Bəxtiyarın afişa şəklini cırması və bunu görən Ağabalanın “köpək qızı” deməsi səhnələri rejissor işinin kreativliyinin göstəricisiydi. Adminstratorun pulgir, ulitarist, avantürist kimi mənfi əməlləriylə yadda qalmasına rəğmən, ondan doğru söz də eşitdik. “Biz paxılıq! Paxıllıq bu millətin axırına çıxacaq” ifadəsi yerinə düşdü. Bununla əsrlərdi xalqımızın ailəbazlıq, qohumbazlıq, tayfabazlıq, bölgəbazlıqdan doğan və “Çin səddi” kimi dağılmayan paxıllıq “ənənə”mizə və həmin xislətdə olan ünsürlərə yaxşı mesaj verdi.
Bəxtiyarın “Yalqızam” mahnısını ifa edərkən qəfildən səsinin tutulması anı filmdəkindən daha təbii alınaraq seyrciləri də həyəcanlandırdı. Əsərin əsas qəhrəmanının artıq xanəndəlik etmək istəməməsini bildirməsiylə Ağabala yenə şəxsi mənfətini ortaya qoyaraq cılızlaşdı. Mənfətini güdənin “bəs mejdunarodnu vaqon”, “lüks otaqlar”, “aldığın dəstə-dəstə güllər” və s. kimi baş qaxınclı ifadələr səsləndirərkən əlaltılarının da xorla təqlid etmələri səhnəsində də rejissor əlavəsini gördük. Belə ki, filmdə əgər Ağabala ilə teatr direktoru xanəndəni “qınayırsa”, tamaşada adminstratorun baş qaxınclarına 4 əlaltısı da tutuquşuluq edir. Ulitaristlər çevrəsindən uzaqlaşan Bəxtiyar professor Rəcəbovdan (bu rolu aktyor Elçin İmanov canlandırır) xanəndəlik dərsləri alarkən italiyanca manhı oxuması möhtəşəm idi.
Xülasə, 2 pərdəli tamaşada göstərilən hər bir səhnə, aktyorların ifası, rəqslərin sərgilənməsi və s. “Bəxtiyar” filmini gözümüzün qarşısından keçirməklə yanaşı orijinal səhnə əsəri kimi də zövqümüzü oxşadı. Səhnənin finalında seyrcilərin aktyorları ayaqüstə alqışlamasını görən Xalq artisti İlham Namiq Kamal üzünü məmnun qalanlara tutaraq: “Əgər bu cür alqışlayırsınızsa, biz təzədən başlamalıyıq” deməsi tamaşaçıları daha da coşdurdu və onlar yenidən gurultulu alqışlarla sənətkarlara təşəkkürünü bildirdilər. Aktyor ifadəsiylə həm teatra təşrif buyuranlara minnətdarlıq etdi, həm də “Bəxtiyar” filmini xalqımıza təqdim edən rejissor Lətif Səfərovun, kinonun bəstəkarı Tofiq Quliyevin, unudulmaz Rəşid Behbudovun ruhlarını şad etmiş oldu.
Düşünürəm ki, Ağabala obrazını canlandıran sənətkarın ifadəsi adlarını yuxarıda qeyd etdiyim korifeylərin bizim üçün qoyub getdiyi mədəni irsimizi qorumaq və təkrar-təkrar səhnələrdə nümayiş etdirilərək unudulmağa, dəyərsizləşməyə qoymayacağıq mesajı kimi də anlamalıyıq.
P.S. “Bəxtiyar” filminin çəkilməsindən 68 il keçib. Yarım əsrdən çox və ya iki qərinəlik ömrün keçməsindən sonra ekran əsərində rol almış aktyorların demək olar hamısı dünyasını dəyişib. Sağ qalan “sonuncu mogikan” Saşa rolunu canlandıran Tamara Çernovadı. O da artıq ömrünün 95-ci baharındadı. “Bəxtiyar” filmi Tamara Çernovanın kino karyerasında baş rol aldığı 2-ci filmdi. Əgər aktrisa ilk dəfə 1950-ci ildə lentə alınan “Qocaq insanlar” (“Cмелые люди”) filmində debüt edərək Nadejda Voronova rolu ilə SSRİ-də şöhrət tapsa da, “Sevimli mahnı” və “Bəxtiyar” adlarıyla tanınan kinomuzda canlandırdığı şıltaq, dəliqanlı, saf məhəbbətlə sevən, sadiq Saşa obrazı ilə həm Azərbaycanda məşhurlaşdı, həm xalqımızın film yaddaşında əbədi iz qoydu. Deməyim o ki, sənətkar həyatda ikən “Bəxtiyar” tamaşasının növbəti nümayişlərində Tamara Çernovanı fəxri qonaq kimi dəvət edilsə yaxşı jest olar. Bununla Azərbaycanın necə qonaqpərvər, tolerant dövlət olmasını bir daha nümayiş etdirməklə yanaşı azərbaycanlı kinosevərlərin Saşanı canlı görməsinə də şərait yaratmaq olar.
Sorğu
Yeni dizaynımız necədir?