Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Milli Peşəkar Teatrının yaranmasının 144 illiyinə həsr olunmuş tədbir keçirilib.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rəssamı Elşən Sərxanoğlunun teatr tamaşalarına çəkdiyi eskizlərdən ibarət "Pərdənin o üzü" adlı fərdi yaradıcılıq sərgisi nümayiş etdirilib. Teatrın foyesində sərgilənən "Pərdənin o üzü"ndə teatrın cari repertuarında olan tamaşaların eskizləri göstərilib. Sərgini giriş sözü ilə açan teatrın direktoru, əməkdar artist Mübariz Həmidov tədbir iştirakçılarını Azərbaycan Milli Peşəkar Teatr günü münasibətilə təbrik edərək teatr günü və sərginin məqsədi haqqında ətraflı məlumat verib. Teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, fərdi yaradıcılıq sərgisinin səbəbkarı, teatrın quruluşçu rəssamı Elşən Sərxanoğlu, Sənətşünaslıq üzrə fəlsəfə doktorları Ziyadxan Əliyev və Əli Əmirli çıxış edərək Azərbaycan Teatr məkanında Dövlət Gənc Tamaşaçılar Teatrının yeri, səhnələşdirilən tamaşalar və sərgi haqqında fikirlərini bildiriblər.
Sərgidən sonra səhnədə Dövlət Gənc Tamaşaçılar Teatrının uşaq və yeniyetmələrlə iş üzrə pedaqoqu, əməkdar artist Ötkəm İskəndərov Milli Teatr Günü haqqında çıxış edib.
Çıxışlardan sonra ölməz dramaturq Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-Vəziri Xani -Lənkəran" komediyası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib.
Quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova olan səhnə əsərinin musiqi tərtibatı xalq artisti Cavanşir Cəfərova, rəqslərin quruluşu Zakir və Leyla Ağayevlərə məxsusdur.
Tamaşada rolları əməkdar artistlər Lətifə Əliyeva, Nofəl Vəliyev, Şövqi Hüseynov, aktyorlar Şəbnəm Hüseynova, Zülfiyyə Alhüseynova, Aydın Dəmirov, Kərəm Hadı-zadə, Ramil Məmmədov, Eşqin Quliyev ifa ediblər.
Tamaşanı 215 nömrəli tam orta məktəb və F.Köçərli adına Respublika uşaq kitabxanasının oxucuları olan bir neçə orta təhsil müəssisəsinin şagird və müəllim heyəti izləyib.
Tamaşadan sonra məktəblilər aktyorlara öz suallarını ünvanlayıblar.
10 mart Milli Teatr Günü ilə əlaqədar teatrın quruluşçu rejissoru, xalq artisti, prezident təqaüdçüsü Vaqif Əsədov "Teatr sənəti sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə" Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanı, teatrın gənc və istedadlı aktyoru Elnur Hüseynov isə "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif ediliblər.
Bundan başqa, Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı aktyorları, xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı və aktrisa Sona Babayeva "uzun illər milli teatrın inkişafında əvəzsiz xidmətlərinə, kollektivin ictimai həyatında fəal iştirakına və yubileyləri münasibətilə" Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif olunublar.
Teatrın istedadlı aktrisası Dilarə Fərəcullayeva isə Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri diplomu ilə təltif olunub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?